“İran SSRİ-nin aqibətini yaşamayacaq” - POLİTOLOQ

Elman Nəsirov: “Həsən Ruhaninin atdığı addımlar daxildəki mühafizəkarlar tərəfindən bəyənilməsə də bu addımların qarşısını ala biləcək güc nümayiş etdirə bilmirlər”

İranın yeni prezidenti Həsən Ruhani prezidentlik postuna gəldikdən sonra İranın siyasətinə yeni bir dönəm gətirməyə başlayır. Həsən Ruhani  sələfinin təcridçilik siyasətini alt-üst edərək beynəlxalq birliyin tərəfdaşına çevrilmək istiqamətində siyasət yürüdür. Bəzi ekspertlər Həsən Ruhaninin bu siyasətini SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun siyasəti ilə müqayisə edirlər və Həsən Ruhanini "İranın Qorbaçovu" adlandırırlar. Sözü gedən mövzu ilə bağlı siyasi elmlər doktoru Elman Nəsirovun fikirlərini öyrəndik. Elman Nəsirov "OLAYLAR"a fikirlərini şərh edərkən bildirib ki, belə bir hadisə  ilk dəfə deyil. 1997-2007-ci illərdə İran prezidenti olmuş Məhəmməd Xatəmi də mədəniyyətlərarası dialoq şüarı ilə çıxış etmişdi. O vaxtlar məhz onu da "İranın Qorbaçovu" adlandırırdılar.

Müsahibimiz həmin dövrün hadisələrini bu cür şərh edir: "Hadisələrin sonrakı gedişatı onu göstərdi ki, onun islahatlar aparmaq niyyəti çox ciddi narazılıqlarla üzləşdi. Mühafizəkar qüvvələr onun islahatlarının köklü deyil, kosmetik hal ala bilməsinə nail ola bildilər. O zaman dünya üçün İran açılmağa başladı, amma çox keçmədi ki, o yenidən qapandı və xüsusilə 2005-ci ilin iyun ayında Mahmud Əhməd Necat İran prezidenti seçildikdən sonra artıq İranın Məhəmməd Xatəmidən əvvəlki dövrə qayıdış və bir qədər də konservativ şəkildə qayıdış baş tutdu. İndi isə Həsən Ruhani prezidentliyə başlayıb və prezidentliyə başladıqdan sonra və ondan əvvəl də seçki dövründə də o öz sələfini çox kəskin şəkildə tənqid edirdi və hesab edirdi ki, Əhməd Necatın yeritdiyi siyasət nəticə etibarı ilə ölkəni beynəlxalq təcrid vəziyyətinə gətirib çıxarıb və ölkə iqtisadiyyatı iflas vəziyyətindədir və nəticədə İran nə nüvə dövləti olub, nə də ki beynəlxalq aləmdə özünə dost tapıb və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. Bunların heç birisi baş verməyib".

Həsən Ruhani qeyd edirdi ki, heç olmasa Mahmud Əhməd Necatı o halda bağışlamaq olardı ki, o nəticə etibarı ilə nüvə silahına malik olsun, amma nə nüvəsi var, nə də ki beynəlxalq nüfuzu var. İranın yeni prezidenti vəzifəsinə başladıqdan sonra qeyd edirdi ki, İranın milli dövlətçilik maraqlarından çıxış edərək siyasət yeridəcək və bu gün atılan addımlar da onu göstərir ki, o öz vədinin üzərində dayanır və xüsusilə ötən ilin noyabr ayında İsveçrədə "Kontinental" hoteldə onun İranın nüvə proqramı ilə bağlı razılaşmaya getməsi və müvafiq öhdəliklər götürməsi bu nəticəni hasil etdi ki, o artıq bu məsələlərdə köklü dəyişikliyə getməyin tərəfdarıdır.

Politoloq İran hazırkı siyasətini şərh edərkən vurğulayıb ki, bundan sonra İran dünya üçün açılacaq və beynəlxalq birliyin əsas tərəfdaşlarından birinə çevriləcək, beynəlxalq aləmdə nüfuzu artacaq. Həsən Ruhaninin atdığı addımlar daxildəki mühafizəkarlar tərəfindən bəyənilməsə də bu addımların qarşısını ala biləcək güc nümayiş etdirə bilmirlər. İranın yeni prezidenti daha qətiyyətlidir. Bütün bu reallıqlar fonunda bir çox ekspertlər hesab edirlər ki, o deyəsən İranın "Mixail Qorbaçovudur".

Elman Nəsirov Qorbaçovla Həsən Ruhaninin fərqini bu cür izah edir: "Mixail Qorbaçovun adını çəkəndə onun fəaliyyəti nəticəsində SSRİ-nin dağılması yada düşür. Mən hesab edirəm ki, İranın yeni prezidentinin yeritdiyi siyasət İranın parçalanmasına, yaxud başqa sözlə SSRİ-nin aqibətinin yaşanılmasına gətirməyəcək. Ruhani islahatları addım-addım həyata keçirəcək, Qorbaçov stilində keçirməyəcək. Qorbaçovla Ruhaninin fərqi ondadır ki, Qorbaçov ölkənin birinci şəxsi idi və addımları istədiyi kimi ata bilirdi. Amma Həsən Ruhani ölkə prezidenti olsa da faktiki olaraq ölkənin baş naziridir. Çünki onun fövqündə ölkənin ali dini rəhbəri Ayətullah Xamaneyi var. Hansı ki yekun qərarı o qəbul edir və hətta onun ixtiyarı var ki, Həsən Ruhaninin qəbul etdiyi istənilən razılaşmanı ləğv etsin, Həsən Ruhani təyin etdiyi nazirləri işdən azad etsin. Bu da onu göstərir ki, son nəticədə İran prezidentinin təsəvvür etdiyi qədər də geniş səlahiyyətləri yoxdur. Ona görə müəyyən mənada onu Qorbaçovla müqayisə etmək mümkündür, amma bir çox parametrlər üzrə də onları müqayisə etmək düzgün alınmazdı. Dəyişməz həqiqət ondan ibarətdir ki, Həsən Ruhani sözün əsl mənasında İran siyasətinə yenilik gətirmək əzmi nümayiş etdirir və bu istiqamətdə də addımlar atmaqdadır".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00