Türkmənçay sülhü:nə itirdik, nə qazandıq?

Azərbaycanı ikiyə bölən Türkmənçay sülhünün imzalanmasından 186 il ötür. 200 ilə yaxındır ki, Azərbaycan türkləri bu tarixi ədalətsizliyin rəsmiləşdirildiyi gün kimi xarakterizə edirlər. Müqavilə Rusiya imperiyası ilə Qacar Məmləkətləri Birliyi adlanan dövlətin (1936-cı ildən İran adlandırıldı-müəll) arasında imzalanıb. İmzalanma mərasimində Rusiya imperiyasını general Paskeviç, Qacar dövlətini Azərbaycan türkü, Fətəli şahın oğlu Abbas Mirzə təmsil edirdi. Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanmış müqaviləni 1826-1828-ci il Qacarlar-Rusiya müharibəsinin nəticəsi idi. Qacarlar müharibəni uduzdular, müqavilə bağlayıb, ölkənin şimalını Rusiyaya vermək zorunda qaldılar. Kommunist ideologiyasının təsiri ilə yazılmış sovet tarixşünaslığı bu müharibəni Rusiya-İran müharibəsi, müqaviləni isə "İran və Rusiya tərəfindən Azərbaycan torpaqlarının bölünməsi" kimi yazır, aşılayır, bu ideologiyanın ruhunda da ədəbi əsərlər yazılırdı. İndinin özündə tarixi başdansovdu oxumuş tez tanınmaq istəyən karyerist gənclər, tarix həvəskarları yenidən baş qaldırmış sovet nostaljisinin, Avropasentristlərin təsiri ilə tariximizin bu ziddiyyətli səhifəsini yenə də səhv anlamaqda davam edirlər.  Rusiyanın Azərbaycan torpaqlarını işğal etməsi həyasızlıqla "rusların Azərbaycana mədəniyyət, elm, təhsil gətirməsi" kimi təqdim olunur. Sovet dövründə İqrar Əliyev, Fəridə Məmmədova kimi imperiya yetirmələri də bu cür yazırdı. Avropa mədəniyyəti Azərbaycana Rusiya vasitəsilə gəldi-bu, doğrudur. Amma rus işğalı Azərbaycan xalqını təbii-tarixi inkişafdan ayırdı. Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan türkünün faciəsidir. 1747-ci ildə Avşar dövlətinin hökmdarı Nadir şahın ölümündən sonra Azərbaycan torpaqları xanlıqlara parçalandı. Şimalda Qarabağ, İrəvan, Naxçıvan, Quba, Şamaxı, Lənkəran, Bakı, Şəki, Cavad xanlıqları yarandı. Güneydə Təbriz, Marağa, Ərdəbil, Sarab və digər xanlıqlar yaranmışdı. 18-ci əsrin sonlarında kökəncə Azərbaycan türkü olan Qacar tayfa birliyi güclənərək bütün İran ərazisində hakimiyyəti ələ aldı. Qacarlar Güneydə türk xanlıqlarını  birləşdirib, fars hakimlərini əzib möhkəmləndilər. Sonra Quzeyə bütövlük yürüşünə çıxdılar. Feodal pərakəndəliyini keçmiş əksər xalqlardan belə olmuşdu: güclü xanlıq, knyazlıq ortaya çıxırdı, o biri feodallıqları da özünə birləşdirib mərkəzi hakimiyyət yaradırdı. Azərbaycan türkləri də bu təbii-tarixi mərhələni keçəcək və böyük ehtimalla, Qacar sülaləsinin rəhbərliyi altında birləşəcəkdilər. Lakin güclənmiş Rusiya artıq Şimali Qafqazı işğal etmişdi, Dəli Petronun (birinci Pyotr) vəsiyyətinə uyğun olaraq isti sulara doğru cənuba irəliləyirdi. Ruslar Azərbaycandakı feodal pərakəndəliyindən maksimum istifadə etdilər, xanlıqları Qacarlara qarşı qoya bildilər. Qüvvələr birləşdirilmədi və nəticədə ruslar şimalı ələ keçirə bildilər. 1830-cu ildən sonra ruslar xanlara verdiyi vədə xilaf çıxdılar-xanlıqlar ləğv edildi. Bundan sonra düz 1991-ci ilə qədər bütün sahələrdə Azərbaycan türklərini güneydən, türk-islam dünyasından ayrı salınması siyasəti həyata keçirildi. Və nəticədə "Şimalın işğalı ilə İran zülmündən, islam qaramatından qurtulduq" deyən nəsil yarandı. 

Bu nəsli başa salmaq olmur ki, Azərbaycanın şimalının ruslar tərəfindən işğal olunması ilə dünyəvi təhsil, elm, mədəniyyət əxz etdik, amma itkilərimiz daha böyük oldu! İrəvanı, Borçalını, Dərbəndi itirdik. Tarixi torpaqlarımızda Ermənistan adlı dövlət yarandı, Gürcüstan, Dağıstan türk torpaqları hesabına böyüdü. Bu günki nəsilə yaraya sağalmaz çevrilmiş Dağlıq Qarabağ mirası qaldı. Naxçıvan Azərbaycandan aralı düşdü.

Bölünmə Güneyə də təsirsiz qalmadı. Quzeyli qardaşlarından ayrı düşmüş Güney türkləri tədricən hakimiyyətdə mövqelərini itirdilər. Düz bir əsr sonra (1925) farslar Qacar məmləkətində hakimiyyətə sahib oldular, 10 il sonra isə ölkənin adını rəsmən "İran" adlandırdılar. Fars şovinisti Rza Pəhləvinin zamanından türklərə qarşı etnik diskriminasiya yüksək həddə deyildi. Panfarsist Məhəmmədrza şahın zamanında azərbaycanlılar artıq "ikinci sort" vətəndaşa çevrildilər. Səvəfilər, Avşarlar və Qacarlar dönəmində dövlətin əsan etnosu olan türklərin milli kimliyi danıldı, ana dili əlindən alındı.

Maraqlıdır ki, 20 ildir müstəqilik hələ də bu həqiqətlər tarix dərsliklərimizdə əksini tapmr. Azərbaycan tarixi hələ də Gülüstan və Türkmənçay sülhü ilə Azərbaycan türklərinin "yad qüvvələr" tərəfindən parçalandığını yazır. 1806-1813, 1826-28-ci illər müharibəsi isə hələ də "İran-Rusiya" müharibəsi kimi təqdim olunur. Halbuki ruslarla  farslar yox, Azərbaycan xanlıqları döyüşürdü. Çox təəssüf ki, tariximiz hələ də qəhrəman Azərbaycan şahı Ağa Məhəmməd xanı "axta şah" deyib ələ salan poemaların təsiri ilə yazılır. Nə qədər ki, tariximiz düzgün yazılmır, qurduğumuz nəgən imperiyaları özümüzünkü sayıb fəxr edə bilmirik, əhvalımızda  kiçiklik, yazıqlıq sindromu davam edəcək.

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00