“Rusiya Ukraynaya qoşun yeridə bilməyəcək” - POLİTOLOQ
Vəfa Quluzadə: “Qərblə ABŞ Ukrayna xalqının, Rusiya isə Viktor Yanukoviçin tərəfindədir”
11 Fevral 2014 12:33 SiyasətPolitoloq Vəfa Quluzadə Ukraynada baş verən son proseslərə "Olaylar" vasitəsilə növbəti dəfə aydınlıq gətirib. V.Quluzadə Ukrayanada baş verən prosesləri bu ölkə xalqının daha yaxşı yaşaması üçün aparılan mübarizə adlandırıb. Politoloq qeyd edib ki, ukraynalılar korrupsiya, qanunların lazımi qaydada icra olunmamasından cana gəlmiş vəziyyətdədirlər. V.Quluzadə hesab edir ki, xalqı Viktor Yanukoviçin onun əvəzinə Avropa İttifaqını yox, Gömrük İttifaqını seçməsi qəzəbləndirib. Ukraynadakı proseslərin bununla başlayaraq gərgin məcraya yönəldiyini deyən politoloqun sözlərinə görə, məsələdə xarici faktorlar və kənar qüvvələrin geosiyasi maraqları da əks olunur: "Avropa İttifaqı və ABŞ proseslərdə Ukrayna xalqının mövqeyindən çıxış edirlər. Rusiya öz canişini qismində gördüyü Yanukoviçi dəstəkləyir. Rusiya Ukraynanın Şərq bölgəsindəki ruslar və rusmeyilli qüvvələrdən istifadə etmək niyyətindədir. Şərqi Ukrayna keçmiş Sovet İttifaqının sənaye məkəzi idi. Ölkənin bu hissəsində daş kömür mədənləri və ağır sənaye müəssisələri SSRİ dönəmində inkişaf etmiş vəziyyətdəydi. Lakin bu gün həmin infrastrukturlar çöküb. Rusiya bütün bu amillərdən istifadə etmək istəyir. Həmin məsələdə də Qərblə Rusiyanın maraqları üz-üzə gəlib. Lakin bu mübarizədə qələbə Ukrayna xalqı və Qərbin tərəfindədir. Ukraynalılar üçün Qərblə birlikdə olmaq daha əlverişlidir, nəinki Rusiya ilə. Baş verən prosesləri bu səpkidə başa düşmək lazımdır. Hiss olunur ki, V.Yanukoviç bəzi məsələləri başa düşdüyündən geri çəkilir. Hökumət etiraz edən xalq qarşı gücdən istifadə etmədi. Başa düşürdü ki, atacağı aqressiv addım ona baha başa gələ bilər. Rusiya da seçim qarşısında qalıb. Gücdən istifadə etsinmi? Rusiya siyasi iradəsini yeritmək üçün həmişə gücdən istifadə edib. Çünki Rusiyanın cazibədarlığı yoxdur. İqtisadiyyatı çöküb. Belə bir dövlət digər ölkələrə yaxşı heç nə vəd edə bilməz. Lakin qələbəni qoşun yeritməklə əldə etmək istəyir. Rusiya Ukraynaya qoşun yeridə bilməz. Moskva başa düşür ki, belə olan halda 40 milyonluq Ukrayna xalqı birləşib Rusiyaya qarşı müharibə edəcək. Rusiya bu faktorları nəzərə alaraq çətin vəziyyətə düşüb. Ukraynada baş verən proseslərin axarı bu kontekstdə gələcəyə pozitiv proqnoz verməyə imkan yaradır. Xalq hərəkatı Ukraynanı Avropa İttifaqı ilə birləşdirəcək. Məsələ ondan ibarətdir ki, tarixin hərəkət edən təkərlərini saxlamaq mümkün deyil". ("OLAYLAR" İA)