Ziyafət Əsgərov Çin Kommunist Partiyasının nümayəndələri ilə görüşüb
11 Fevral 2014 12:30 SiyasətMilli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb. Birinci vitse-spiker görüşdə ölkəmizin əldə etdiyi uğurlardan, iqtisadi inkişaf tempindən, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal layihələrdən, o cümlədən Qədim İpək Yolunun tərkib hissəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən geniş bəhs edib. Ziyafət Əsgərov qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib. Bildirib ki, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmək barədə beynəlxalq qurumların çoxsaylı qətnamələrinə məhəl qoymayan Ermənistan ərazilərimizin 20 faizini işğal altında saxlayır. Münaqişə nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bu problem həm də bütün regionun təhlükəsizliyini təhdid altında saxlayır. Birinci vitse-spiker Çin Xalq Respublikasına Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Səmimi görüş üçün təşəkkürünü bildirən Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini Çjoy Li ölkələrimizin yüksək səviyyədə olan dostluq münasibətlərindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan və Çin hər ikisi dünyada inkişaf edən, sülhsevər, qədim tarixə, mədəniyyətə və yüksək dəyərlərə sahib olan ölkələrdir.