“Bir qismimiz kral dininin, bir qismimiz molla dininin axmaq fanatına çevrilirik”

Fazil Mustafa Suriyaya döyüşməyə gedənlərə səsləndi: “Başqasının ideyası üçün döyüşürük”

Bu gün istənilən bir məkanda, ictimai yerlərdə, insanların çoxluq təşkil etdiyi küçə və meydanlarda müzakirə edilən mövzulardan biri də Suriya məsələsidir. Xüsusilə, də azərbaycanlı gənclərin Suriyaya döyüşə getməsi məsələsi cəmiyyətimizn diqqət yetirdiyi məsələlərdəndir. Millət vəkili Fazil Mustafa hesab edir ki, insan bankda, şirkətdə, bazarda gəlirli işini atıb şəhid olmaq niyyəti ilə tanımadığı bir məmləkətə yollanır: "Hesab edirəm ki, burada söhbət  Suriyadakı savaşa adam göndərən hansısa şəbəkədən gedir. Hər cür belə şəbəkələr ola bilər. Ancaq bir məqamı nəzərə almaq lazımdır ki,  Suriyaya gedən  ağlı başında olan insandır. Əgər ailəsini, işini, Vətənini atıb gedə bilirsə, deməli hansısa qəti qərar verəcək xarakterə sahibdir. Bu gün başqa ölkələrdə silahlı münaqişələrdə döyüşən Azərbaycan vətəndaşları barədə cinayət məsuliyyəti yaradan absurd bir Qanunun qəbul olunmasına da çağırışlar var. Anlamaq istəyən yoxdur ki, tarixi ənənəsinə, bugünki qavrayışına görə, bizdə çoxluğun mənimsədiyi İslam, Suriya savaşı olmadan belə öz içində nifrət ağırlığı ilə seçilən bir İslamdır. İnsanlar dindarlaşdıqca, sanki insana sevgilərini, dəyərlərini daha çox azaltmış olurlar. Fərdi haqları daha çox kollektiv haqların içində basdırmağa çalışırlar. Bu savaş duyğusunun bəlkə də xaricə köçürülməsi Azərbaycan üçün bir vaxt qazanma şansıdır. Ancaq bir gerçəyi anlamaq istəmirlər ki, yanlış din anlayışına qarşı ən səmərəli mübarizə doğru alternativlərin təbliğ olunmasıdır. Əlbəttə, insanların asudə vaxtını necə seçmələri yönündə dəqiq bir istiqamətləndirmə işi xeyli çətindir. Kimisi bu asudə vaxtını Yesentukidə, Karlova Varıda, Baden-Badendə, kimisi də Bəşər Əsəd cinahında və yaxud zəngin ərəb dövlətlərinin dəstəklədiyi antiBəşər cinahında radikal dinçilər tərəfdə vuruşaraq keçirməkdə görür. Xeyli hissəsi müasir silahlardan istifadə etmək qabiliyyətində olmasa da savaş məntəqəsinə çatan kimi alovun içində özlərini görməyə başlayır və bir çox halarda təcrübəsizlikdən ölürlər". Fazul Mustafa onu da qeyd edib ki, vaxtilə İran-İraq savaşında da kor-koranə başqasının hədəfi üçün başını-bədənini fanatikcəsinə güllə qabağına verən güneyli soydaşlarımız olub: "Bu gün də Suriyada hər iki tərəfdə döyüşən yenə də bizim başqasının ideyası üçün ölməyə hazır güneyli-quzeyli azərbaycanlımızdır. Savaşı da, inqilabı da başqasının çıxarı üçün edirik. Öz çıxarımız üçün bir Urmiya gölünün qurumasının qarşısını almağa, məğlub olduğumuz bir Qarabağ ayıbını üzərimizdən götürməyə, öz ana dilimizin haqqını bir ölkənin parlamentində kürd qədər, bəluc qədər, ərəb qədər almaqda israrçı ola bilmirik. Bir qismimiz bir Kral dininin, digər qismimiz bir Molla dininin axmaq fanatına çevrilirik, Allahın dininin gözəlliklərinə, məsuliyyətinə eyni bağlılığı ortaya qoya bilmirik. Narahatçılıq yaradan məqam budur ki, dəyişən dünyanın hərəkət trayektoriyasında dini də, demokratiyanı da, insana, təbiətə, təhsilə, sağlığa münasibəti də eybəcərləşdirərək yavaş-yavaş özümüzəməxsus bir milli xarakter formalaşdırmağa meyllənirik. Bu gedişlə səslənişi gözəl xəyallarla Bütöv Azərbaycan deyilən bir ərazini şerlərdə, mahnılarda bir-birinə birləşdirdik, Bütöv Azərbaycanlını haradan tapacağıq?".

Hələ ki, Suriyada döyüşənlər başlarını orada qatıb, hələ ki, Qarabağın başını atəşkəs kəsib, hələ ki, İran məclisində əvəzimizdən kürdlər, ərəblər, bəluclar danışır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00