Milli Şuranı AXCP dağıtdı - SİYASİ ANALİZ
Şuradan çıxanlar Müsavatın ətrafına toplanır
10 Fevral 2014 16:38 SiyasətEl Hərəkatının Milli Şuradakı son adamı olan Eldəniz Quliyev də istefa verməyə hazırlaşır. E.Quliyevin istefasından sonra Milli Şurada AXCP-dən başqa kənar təşkilat qalmayacaq. Bir-iki xırda partiya var, onlarla da AXCP funksionerlərinin problemi var, yəqin ki, onlar da istefa verəcək. Məsələn, son sessiyada VAMBP sədri Hacıbaba Əzimovla El Hərəkatı və AXCP rəsmiləri arasında münaqişə baş verdi. Böyük ehtimalla, VAMBP sədri də Milli Şuranın tərk edəcək. Qurumda KXCP də fəaliyyət göstərir. Amma AXCP yetkililəri onlara inanmır. KXCP və VAMBP qalsa belə artıq Milli Şura AXCP-nin tam nəzarətində olan siyasi qurum kimi tanınır. Qurumdakı müstəqil siyasiləri, jurnalistləri çıxsaq, Milli Şuranı özəyini AXCP təşkil edir qənaətinə gələ bilərik. Qeyd edək ki, AXCP və Ziyalılar Forumunun rəhbərləri Müsavatın Milli Şuraya soyuq yanaşmasına münasibət bildirənkən "Müsavata gedir-getsin" deyirdilər. Müsavat çıxandan sonra isə "Müsavat Milli Şuranın dağılmasını istəyir" dedilər. Həqiqətən də İsa Qəmbər, Arif Hacılı və Rauf Arifoğlunun yön verdiyi Müsavat Partiyası Milli Şurada qalmaq istəmirdi. Bütün seçki kampaniyası dönəmində Müsavat Milli Şuranın tədbirlərini, aksiyalarını sabotaj etdi, bütün gücü ilə çalışdı ki, aksiyalarda kütləvilik olmasın. Bunu sonralar Fuad Qəhrəmanlı, Həsən Kərimli də etiraf etdilər. Amma iş burasındadır ki, AXCP də Milli Şuranın qorumadı. AXCP bütün gücü ilə çalışdı ki, Müsavat Milli Şuradan çıxsın (onlar seçkidən az sonra Müsavatın getməsini istəyirdilər), sonra İsa Qəmbərə qarşı qara piara başlasınlar. Müsavat Milli Şuradan gedəndən sonra baş verən hadisələr, AXCP yetkililərinin davranışı göstərdi ki, Əli Kərimlinin dərdi heç də müxalifətin birləşməsi, Milli Şuranın qorunması deyil. Bu adamın, bütövlükdə AXCP-nin dərdi Müsavatdı, İsa Qəmbərin, Arif Hacılının vurulması, müxalifətdən dışlanmasıdır. Təsadüfi deyil ki, AXCP-Müsavat savaşının sonunda (əslində savaşı AXCP məcburən sona çatdırdı. Çünki Müsavatın keçmişi xatırlaması, "Yurd"un etdiklərini xatırlaması Əli Kərimli üçün yaxşı nəticələnməyəcəkdi.) AXCP yetkililəri elə belə də dedilər: "Artıq Müsavat baş qoşmuruq". Bu o demək idi ki, Müsavat artıq müxalifətdən dışlandı, bitdi, 2015-ci ildə ana müxalifət bizik. Əslində proses buna doğru gedirdi. Müsavat tələsik addım atsaydı, AXCP piarı düzgün qursaydı, belə də olacaqdı. Amma təcrübəli İsa Qəmbər tələsmədi, seçki dönəminin bitməsini, əsəblərin sakitləşməsini gözlədi və o vaxt qərar verdi ki, artıq adamlarım Milli Şuraya inamı qalmamışdı. Prosesin sonunda AXCP-nin öz maraqlarını güddüyü ortaya çıxdı. Cəmiyyətə bəlli oldu ki, AXCP-nin davası müxalifətin birliyi deyil, növbəti seçkidə özünün ana müxalifət olmasıdır. Milli Şuradan istefa verənlərin Müsavatın ətrafına toplanması da maraqlı prosesdir və AXCP bunu hesablamamışdı. AXCP çox çalışırdı ki, Müsavat təklənsin, Milli Şuradan kənar partiyalarla:ADP, Ümid, AMİP kimi "əsil müxalifət" sayılmayan qüvvələrlə əməkdaşlıq etsin. Ancaq Müsavatın ətrafına Milli Şuranı quranlardan Eldar Namazov, Köçəri Nağıbəyli, İsgəndər Həmidov, Zəfər Quliyev gəldi. Yaxın günlərdə Müsavat-El-Boz Qurd Partiyalarının birliyi yarana bilər. AXP sədri Pənah Hüseyn də bu birlikdə olacaq.
Görünən odur ki, AXCP 2006-cə ildə olduğu kimi bu dəfə də Müsavatı müxalifətdən dışlaya bilmədi. İsa Qəmbər partiyasını da qorudu, ona dəstək verən Rauf Arifoğlunu və komandasını da himayə etdi. Milli Şuranın dağıdılması ittihamı da bu gün daha çox öz firqə maraqlarını hər şeydən üstün tutan AXCP-nin üzərində qaldı.
Ərhun