“Saakaşvilinin Azərbaycan açıqlaması şübhəlidir” - MÖVQE
Aydın Ağayev: “Onun işi Rusiya ilədir”
10 Fevral 2014 15:23 SiyasətGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada baş verən hadisələrin bir çox ölkələrə, o cümlədən Azərbaycana da təsir edəcəyini iddia edib. Məsələyə münasibət bildirən Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev hesab edir ki, Mixail Saakaşvili Azərbaycan haqqında pis fikir deyə bilməz və söyləməməlidir. A.Ağayev qeyd edib ki, Saakaşvili Gürcüstan hakimiyyətində olduğu bütün illər ərzində Azərbaycandan ölkəsinə və öz iqtidarına qarşı yaxşı münasibət görüb. Şöbə müdirinin sözlərinə görə, sabiq prezidentin dedikləri Gürcüstana və yaxud başqa ölkələrə aid ola bilər, amma Azərbaycana aid ola bilməz: "Digər tərəfdən Saakaşvilinin dediyi iddia edilən məlumatları dəqiqləşdirmək lazımdır. Çünki bundan əvvəl M.Saakaşviliyiə istinad edilən və Qərbdən yayılan bir informasiyaya sonra sabiq prezident tərəfindən təkzib verildi. Ona görə bu tip məsələləri dəqiqləşdirmədən çək-çevirə salmaq lazım deyil. Saakaşvilinin hakimiyyəti dönəmində Azərbaycanın indiki hakimiyyəti Gürcüstan və onun iqtidarına qarşı elə bir ağıllı siysət yeritdi ki, heç bir mənfi situasiya, ziddiyyətli, problemli tendensiya müşahidə olunmadı. Keçmiş prezident bunları yaxşı bilir. M.Saakaşvilinin işi Rusiya ilədir. Mən Saakaşvilinin adından Azərbaycana qarşı neqativ fikirlərlər dolu informasiyanın yayılmasına şübhə ilə yanaşıram. Həmin məlumatları şərh etməyi lazım bilmirəm". ("OLAYLAR İA")