“Əlikram Hümbətovun addımında Avropanın niyyəti var”
Fazil Mustafa: “Azərbaycan onun üçün cərəyan edən proseslərə ciddi kontekstdən yanaşmalıdır”
10 Fevral 2014 13:26 SiyasətSeparatçı Əlikram Hümbətov Avropa Parlamentində ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün təşəbbüs qaldırıb və tədbir keçirəcək. Tədbirin Azərbaycandakı və ya xaricdəki diaspora təşkilatları ilə deyil, məhz bir separatçı ilə keçirilməsi olduqca təəccüblüdür. Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa hesab edir ki, təşəbbüsə Avropanın niyyətləri kimi baxmaq lazımdır. F.Mustafanın sözlərinə görə, Qərbdə elə qruplar var ki, Azərbaycanda seperatizmi dəstəkləyirlər. Azərbaycanın bu tip proseslərin qarşısında öz fəaliyyətini ortaya qoymasının vacib olduğunu deyən millət vəkili qeyd etdi ki, Avropadan Azərbaycana qarşı bu cür addımlar tez-tez olacaq: "Onlara dəstək verən qüvvələr də tapılacaq. Azərbaycan həm dövlət, həm də ictimai resurslarını işə salmalıdır. Belə məsələlərdə qabaqlayıcı addımlar atılmalıdır. Çünki bizim düşmən və bədxahlarımız yerlərində sakit dayanmayacaqlar. Həmin qüvvələr həmişə Azərbaycanla bağlı problemlər yaratmağa maraqlı olacaqlar. Biz problemlərimizi özümüz həll etməyi və qabaqlamağı bacarmalıyıq ki, başqaları bundan sui-istifadə edə bilməsinlər". Fazil Mustafa hesab edir ki, seperatçı Əlikram Hümbətovun Avropa Parlamentilə keçirdiyi tədbiri ciddi hesab etmək olmaz. Millət vəkili bildirdi ki, Azərbaycan onun üçün cərəyan edən proseslərə ciddi kontekstdən yanaşmalıdır. "Çünki ortada ürəkbulandırma məsələsindən söhbət gedir. Bu heç də Azərbaycanın faydasına deyil" - F.Mustafa deyib. ("OLAYLAR" İA)