YAP KİV rəhbərləri ilə müzakirələr təşkil edəcək

Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyasının ilk iclası keçirilib. "OLAYLAR"-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,  komissiyanın sədri Nizami Xudiyev 2014-cü il üçün iş planı haqqında danışıb. Bildirib ki, komissiya və mətbuat arasında əlaqələrin tənzimlənməsini təmin etmək məqsədilə KİV rəhbərləri ilə geniş tərkibdə müzakirənin təşkil olunması nəzərdə tutulur. Eyni zamanda, komissiya qarşıdan duran vəzifələrin icra vəziyyətini müzakirə etmək üçün hər rübdə bir dəfə toplanacaq. Komissiya sədri vətənpərvərlik mövzusunda yazıların və verilişlərin artırılmasmasına da böyük zərurətin olduğunu bildirib. O, qeyd edib ki, dövlətimizin suverenliyinin, sərhədlərinin toxunulmazlığının qarantı olan ordumuzun qüdrətinin daha da artırılması istiqamətində mühüm addımlar atılır. Ona görə də, cəmiyyətin bir hissəsi olan ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımların geniş işıqlandırılması işləri daha da gücləndirilməlidir. İclasda YAP-ın Mətbuat və ictimai əlaqələr komissiyasının 2014-cü il üçün iş planı təsdiq olunub, YAP Siyasi Şurasının üzvü, partiyanın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00