Müxalifət Qarabağ məsələsində hakimiyyətlə həmrəydirmi?

Əli Oruclu: “AMİP həmişə milli və dövlət maraqlarını hər şeydən üstün tutub”

Taliyət Əliyev: "O yerdə ki, dövlətin maraqları ortadadır, iqtidar-müxalifət maraqlarından söhbət gedə bilməz"

Son günlər cəbhədən yalnız həyəcanlı xəbərlər gəlir. Erməni hərbiçilərinin müntəzəm olaraq atəşkəs rejimini pozması hər ötən gün gərginliyi bir qədər artırır. Bu arada cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müəyyən təşəbbüslər, təkliflər irəli sürülür. Bir çoxları Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara başlamasını, bəziləri bütün ölkə vətəndaşlarının, iqtidarlı müxalifətli hər kəsin birlik, həmrəylik nümayiş etdirməsini zəruri sayır. Bə görəsən müxalifət partiyaları bu barədə nə düşünürlər. Sözdə Azərbaycanın ümummilli məsələlərinin həllində hakimiyyətlə həmrəy olduqlarını bildirən müxalifət düşərgəsi partiyaları əməldə də eyni şeyi təkrarlaya bilərlərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu hesab edir ki, başqa cür düşünmək belə absurd olar: "Elə məsələlər var ki, burada iqtidar-müxalifət anlayışı keçmir. Bu sıraya ərazi bütövlüyümüz, milli və dövlət maraqları, canımız-qanımız bahasına qurduğumuz respublikamızın təhlükəsizliyi, suverenliyi və s. kimi anlayışlar daxildir. Mən təsəvvür etmirəm ki, damarından azərbaycanlı qanı axan kimsə ümummili faciələrimizə biganə qalmış olsun, torpaqlarımızın işğaldan azad edilməsini istəməsin. Lakin bəzən yanlış olaraq yuxarıda sadaladığımız problemlərin məşğuliyyəti iqtidarın üzərinə atılır. Bu doğru deyil. Bu vətən hamımızındır. Müharibəni heç kim istəmir. Mən inqilabların da əleyhinəyəm. Ancaq hər şey istəməklə bağlı deyil. Müharibə də Azərbaycanın istəyi olmadan başlanıb. Bu gün bizi yenə müharibəyə cəlb etməyə çalışırlar". Əli Oruclu onu da bildirib ki, düşmən təxribatlarının intensivliyi artmaqdadır: "Doğrudur, silahlı qüvvələrimiz buna layiqli cavabı artıqlaması ilə verir. Əgər müharibə başlayarsa, qısa müddətdə ordumuzun düşməni yuvasına qovacağına qətiyyən şübhəm yoxdur. Amma reallıq ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ixtiyarı rəsmi İrəvan və Bakını əlindən alınıb. Son günlər cəbhə xəttində atəşkəsin mütəmadi pozulması və düşmən tərəfin təxribatçı hərəkətləri müharibə anonslarını verir. Bu həm də pərdəarxasında böyük güclərin region uğrunda apardıqları mübarizənin gərgin həddə çatmasınin göstəricisidir. Cəbhə xəttində yaşananlar sadəcə görə bildiklərimizdir. Bunun daha dərin siyasi səbəbləri var. Təbii ki, siyasi gücü artırmağın ilk şərti ordunun döyüş gücü və hərbi qüdrətlə bilavasitə bağlıdır. Hesab edirəm ki, Azərbaycan ordusu regionda ən peşəkar, ən güclü ordudur. Belə bir ordunun qarşısında isə düşmənlərin duruş gətirə biləcəyi inandırıcı deyil. Artıq ermənilər təşvişə düşüblər". Əli Oruclu hesab edir ki, təmas xəttindəki toqquşmaların müharibənin başlamasına gətirib çıxaracağı mümkünsüzdür: "Çünki Ermənistan-Azərbaycan münaqişəsi artıq çoxdan rəsmi İrəvan və Bakının nəzarətindən çıxıb. Müharibəni aparanlar da, onu dayandıranlar da beynəlxalq güclərdir. Ancaq Azərbaycan istəsə qısa müddətli geniş hərbi əməliyyatlar nəticəsində bu güclərun münaqişəyə münasibətini kökündən dəyişə bilər. Sadəcə, nə Azərbaycan və Ermənistan hakimiyyətlərinə, nə də regoina marağı olan siyasi qüvvələrə müharibənin yenidən alovlanması sərf etmir. Ona görə də toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracağını düşünmürəm. Bununla belə bildirməliyəm ki, AMİP həmişə milli və dövlət maraqlarını hər şeydən üstün tutub. Mən deyərdim ki, yeganə müxalifət partiyasıdır ki, döyüş təcrübəsi və ərazi bütövlüyümüz uğrunda savaşan qazilərimiz burada daha çox təmsil olunurlar. AMİP lideri Etibar bəyin Milli Ordumuzun silah-sursatla və digər zəruri vasitələrlə təmin edilməsində müstəsna rolu olub. Minlərlə insan cənab Etibar Məmmədovun çağırışına səs verərək könüllü surətdə Vətənin müdafiəsinə qoşulub. Biz dəfələrlə bəyan etmişik ki, Ali Baş Komandan müharibə əmri versə AMİP-çilər öndə olacaqlar. Bizim üçün daşıdığımız ali dəyərlər və demokratiya, uğrunda apadığımız mübarizə də bir cəbhədir. Vuruşan, döyüşən və mübarizə aparan insanlar üçün də cəbhələrin o tərəfi, bu tərəfi ola bilməz".

Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev isə deyib ki, baş verən hadisələrin Azərbaycanda müharibə əhval-ruhiyyəsinə təsiri məsələsini birmənalı dəyərləndirmək olmaz. Ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərlə bərabər çox ciddi nöqsanların da olduğunu deyən ADP rəsmisi eyni zamanda hərbi vətənpərvərlik sahəsində istərin sürətləndirilməsini zərurir sayır. Onun sözlərinə görə,  istər bu sahədə təbliğat, istərsə də maarifləndirmə işi torpaqlarının 20 faizi işğal altında olan dövlət kimi yetərli deyil: "O ki, qaldı Dağlıq Qarabağ məsələsində hakimiyyətlə müxalifətin mövqeyi məsələsinə, hesab edirəm ki, Qarabağ problemi nə hakimiyyətin, nə də müxalifətin deyil. Bu problem Azərbaycan dövlətinin problemidir. O yerdə ki, dövlətin maraqları ortadadır, iqtidar-müxalifət maraqlarından söhbət gedə bilməz. Hamı dövlətimizin və dövlətçiliyimizin maraqlarından çıxış etməlidir. Bu məsələdə ADP olaraq biz dövlətimizin və dövlətçiliyimizin maraqları uğrunda nə gərəkirsə onu etməyə hazırıq".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00