İspaniyalı deputat: “20 ildən çoxdur ki, Ermənistan BMT TŞ-nın müvafiq qətnamələrinə əməl etmir”
7 Fevral 2014 11:26 SiyasətMilli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov İspaniya Parlamenti üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açan Ziyafət Əsgərov deputatların NATO, AŞPA kimi nüfuzlu beynəlxalq qurumlarda görüşdüklərini, Avropa İttifaqı çərçivəsində yaxşı əlaqələrimiz olduğunu qeyd edib. Ziyafət Əsgərov Dağlıq Qarabağ problemindən ətraflı söhbət açıb. İspan deputatların nəzərinə çatdırıb ki, Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir, son həftələrdə erməni tərəfi atəşkəs rejimini dəfələrlə pozub, sərhədyanı bölgələrimizdə itkilərimiz var. Bədnam qonşularımız 1988-ci ildən bugünədək Azərbaycan ərazisində yüzlərlə terror hadisəsi, 1992-ci ilin 26 fevralında isə Xocalı qətliamını törədiblər. I vitse-spiker bildirib ki, Ermənistanın rəhbərliyi daim siyasi və dini ekstremizmi dəstəkləyir. Görüşdə nümayəndə heyəti adından fikirlərini bölüşən İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyini vurğulayıb. Qonaq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, Xocalı faciəsi barədə məlumatlıdırlar. 20 ildən çoxdur ki, Ermənistan BMT TŞ-nın müvafiq qətnamələrinə əməl etmir. İnsan hüquqlarının qorunması vacibliyinə toxunan Xose Maria Çikiyo qeyd edib ki, Azərbaycanın qaçqın və köçkünləri yalnız ev-eşiyini itirməyib, eyni zamanda psixoloji travma alıbdır. Biz o travmanın aradan qaldırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni etməyə hazırıq. Onu da nəzərə çatdırdı ki, parlamentlərarası əlaqələrimizin möhkəmlənməsi İspaniyanın iri şirkətlərinin də Azərbaycana gəlişinə yol aça bilər.