“Soçi olimpiadası gərginlik altında keçəcək”
Elşən Mustafayev: “Radikal təşkilatların olimpiadanın getdiyi vaxt Soçidə hər hansı amilə görə terror planını reallaşdırması həmin təşkilat üçün yaxşı nəticə vəd etməyəcək”
6 Fevral 2014 15:21 Siyasət"Soçi olimpiadasında radikal qruplaşmaların terror aktı törətməsi inandırıcı deyil. Müəyyən qruplaşmalar müəyyən addımlar üçün cəhdlər edə bilərlər" - AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Soçi olimpiadası ərəfəsində Rusiyada baş verən terror xaosuna münasibətində belə deyib. E.Mustafayev bildirib ki, dünyanın tanınmış idmançıları və dövlət adamlarının iştirak edəcəyi Soçi olimpiadasında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. E.Mustafayev hesab edir ki, terror aktları diqqəti hər hansısa bir məsələyə çəkmək üçün vasitədir. AMİP rəsmisinin sözlərinə görə, bəzi radikal təşkilatların olimpiadanın getdiyi vaxt Soçidə hər hansı amilə görə terror planını reallaşdırması həmin təşkilat üçün yaxşı nəticə vəd etməyəcək: "Olimpiya kəndində təhlükəsizliyin təmin olunması üçün Federal Təhlükəsizlik Bürosunun əməkdaşları artıq 1 ay bundan qabaq Soçidə vəziyyətə nəzarəti ələ alıb. Müəyyən şantaj və bleflər ola bilər. İnsanların bu istiqamətdə müəyyən gərginlikləri olacaq. Amma terror aktlarının reallaşdırılması mümkünsüzdür". ("OLAYLAR" İA)