“ABŞ-ın Suriyaya müdaxiləsi gözlənilmir”
Natiq Miri: “ABŞ regionda yeni bir hərbi ocağın yaranmasına razılıq verməyəcək”
6 Fevral 2014 15:16 SiyasətBMT-nin rəsmi açıqlamasına görə 100 mindən çox insanın həyatına son qoymuş Suriya hadisələri hələ də səngimək bilmir. Hər gün demək olar ki, onlarla insanın həyatına son qoyulur. Məsələ ilə bağlı fikirlərini politoloq Natiq Miri "OLAYLAR"a bildirib. Politoloq Rusiyanın başının Soçi Qış Olimpiadasına qarışdığı bir vaxtda ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin mümkünlüyü barədə fikirlərini bildirərkən qeyd edib ki, indiki şəraitdə ABŞ-ın Suriyaya hərbi müdaxiləsi gözlənilmir. Çünki ABŞ Suriyadakı problemi hərbi yolla həll etmək fikrində deyil. Problemin hərbi yolla həlli məsələsi əvvəldən də ABŞ-ın danışıqlar masasında deyildi. Ona görə də problem indiyə qədər həll edilməmiş qalır.
Politoloq İran - ABŞ yaxınlaşmasının da məsələnin həllinə müəyyən mənada təsir etdiyini bildirib: "ABŞ - İran anlaşması və yaxınlaşması konteksində bu prosesi yenidən hərbi yolla davam etdirmək və əldə olunanların üzərindən xətt çəkmək ABŞ-ın planında deyil. Əksinə ABŞ İranla birlikdə bu məsələni sülhə daşımaq istəyəcək ki, bu da yeni bir hökumətin formalaşdırılmasından keçir. Təbii ki, ABŞ yeni hökumətin tərkibində Bəşər Əsədi görmür. Əsəd yeni hakimiyyətdə olmamalıdır. Bütün problemlər də məhz bundadır. İndiki şəraitdə Əsəd rejimi əvvəlki zamanlarla müqayisədə özünü daha çox inamlı hiss edir. Radikal islam tərəfdarları artıq bütün dünyada - həm Suriyada fəaliyyətini, həm də bütövlükdə nəinki Əsəd rejiminə, eyni zamanda digər dövlətlərə də təhlükə törətdiyi haqqında artıq rəy formalaşıb. Bu da Əsəd rejiminin mövqeyini daha da gücləndirir ki, guya Əsəd rejimi ədalətli bir rejimdir, onlar indiyə qədər xalqa qarşı deyil, terrorçulara qarşı mübarizə aparıblar. Amma indiyə qədər Suriyada həlak olan insanların böyük əksəriyyətinin həlak olmasına Əsəd rejimi rəvac verib.
ABŞ-İran anlaşması konteksində Natiq Miri hesab edir ki, ABŞ Suriya məsələsində razılığa gələcək. II Cenevrə konfransı zamanı da hakimiyyət nümayəndələri ilə müxalifət nümayəndələri bir masa arxasına əyləşdi və konkert təkliflər verildi. Burada da müsbət addımlar atılmasa da hər halda buna cəhd olundu. Politoloq düşünür ki, bu proses davamlı olacaqdır. Çünki indiki vəziyyətdə politoloq düşünmür ki, ABŞ regionda yeni bir hərbi ocağın yaranmasına razılıq versin. ("OLAYLAR" İA)