“Uzlaşmanın olmaması Suriya müharibəsini uzadır” - POLİTOLOQ

Zərdüşt Əlizadə: “Avropa dövlətlərinin göstərişilə Qətər, Səudiyyə Ərəbistanı kimi region dövlətləri Suriya müharibəsində iştirak edən terror qruplaşmalarına və qiyamçılara iri məbləğli maddi vəsait ayırırlar”

Politoloq Zərdüşt Əlizadə Suriya probleminin Cenevrə formatında həll edilməsi məsələsinə münasibət bildirib. Z.Əlizadə qeyd edib ki, Cenevrə Konfransı Suriyada vətəndaş müharibəsi başlanandan bu yana tərəflərin problemi masa arxasına əyləşib sözlə həll edilməsinin ilk nümunəsidir. Z.Əlizadə hesab edir ki, bundan əvvəl isə tərəflər biri-birini müəyyən şəkildə ittiham edirdilər. Politoloqun sözlərinə görə, məsələnin Cenevrə formatında həll edilməsində konkret nəticələr olmasa da Laxtar İbrahimi bildirdi ki, müəyyən işartılar var: "Tərəflərin konkret nəticəyə gəlməsi üçün vaxt lazımdır. Suriya məsələsinin həllində iştirak edən bütün tərəflər öz şərtlərinin üzərində dayanırlar. Ortaq təklif irəli sürüb tərəflərin hamısı onun üzərində dayansalar, məsələ həllini tezliklə tapacaq. İslamçıların Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq tələbləri də məsələnin həlli prosesini uzadır". Vətəndaş müharibəsinin uzanması faktoruna toxunan Zərdüşt Əlizadə əlavə etdi ki, Suriyada müharibəni başlamış tərəflər istədiklərinə nail olmayıblar: "Qərb tərəfinin cəhdlərinə baxmayaraq, Bəşər Əsəd hələ də hakimiyyətdədir. Qəddafini devirməyi bacardı, amma Əsədə qarşı konkret addım ata bilmir. Qərb dövlətləri Körfəz neftini Suriya üzərindən boru vasitəsilə Ağ dənizə çıxarmaq istəyirlər. Qərb ölkələri mövcud Əsəd maneəsini aradan qaldırmaq üçün Yaxın Şərq və ərəb dövlətlərindəki radikal İslamçı qruplaşmalara siyasi, hərbi, informasiya dəstəyi verirlər. Qərb Suriya vətəndaş müharibəsinin maliyyə dəstəyinin əsas bazasıdır. Avropa dövlətlərinin göstərişilə Qətər, Səudiyyə Ərəbistanı kimi region dövlətləri Suriya müharibəsində iştirak edən terror qruplaşmalarına və qiyamçılara iri məğbləğli maddi vəsait ayırırlar. Müharibənin uzanmasında əsas səbəb tərəflərin uzlaşma siyasətinə gedə bilməməsidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00