AXCP-Müsavat savaşı niyə dayandı? - SİYASİ ANALİZ
Ənənəvi müxalifətdə mərkəzdənqaçma prosesi başlanıb, bu, hər iki tərəfi narahat edir
6 Fevral 2014 14:45 Siyasətİki həftədən artıqdır ki, AXCP ilə Müsavat arasında söz savaşı dayanıb. Xatırladaq ki, yanvarın 7-də Müsavat Divanının Milli Şuradan çıxmaq haqqında qərarı açıqlandı. AXCP sədri Əli Kərimlinin birbaşa göstərişi ilə partiyanın qara piar maşını Müsavata və "Yeni Müsavat" qəzetinə qarşı qara piara start verdi. Bir aya yaxın söz savaşı davam etdi. 2006-cı ilin yanvar-fevral aylarında da eyni proses baş vermişdi. Müsavat 2005-ci il noyabr seçkilərində parlamentdə 4 deputatla təmsil olunmaq hüququ qazanmışdı, amma AXCP parlamenti boykot edirdi. 2006-cı ilin fevral ayında Müsavat parlamentə getmək və "Azadlıq" blokundan çıxmaq qərarı verdi. Bununla da AXCP-Müsavat savaşının əsası qoyuldu. 3 aydan çox sürən savaş bütövlükdə müxalifətə böyük zərbə vurdu. AXCP yetkililəri dərk etdilər ki, savaş daha çox protest elektoratına zərbə vurur, düşərgədə ümidsizlik yaradır, prosesdən çəkildilər. 2008-ci il referendumunda artıq AXCP ilə Müsavat əməkdaşlıq edirdi. 2010-cu il seçkilərində isə Müsavatla AXCP müttəfiq idi. Bu müttəfiqlik ta 2013-cü il seçkilərinə qədər davam etdi. Seçki dönəmində Milli Şura yarandı, seçki bitəndən sonra qurumun dağılması başlandı. Müsavat Milli Şuranı tərk edəndən sonra demək olar köhnə heyətdən kimsə Şurada qalmayıb. Eldar Namazovdan sonra Eldəniz Quliyev də Şuranı tərk edəcəyini bildirib. Aydın görünür ki, AXCP Milli Şuranı qoruyub saxlaya bilmədi. Görünür, AXCP-Müsavat savaşının dayanmasının bir səbəbi də elə budur. AXCP yetkililəri savaşın partiyaya, ümumilikdə müxalifətə fayda vermədiyini anladılar. Bu savaşda kim nə qazandı, kim nə itirdi?
AXCP Müsavatı müxalifətdən dışlamaq istəyir, Milli Şuranı güc mərkəzi etmək istəyirdi, alınmadı. Milli Şurada dağılma prosesi sürətləndi və proses davam edəcək. Müsavat təklənmədi. Öncə İsgəndər Həmidov, sonra Eldar Namazov Müsavata yaxınlaşdı. Milli Şura faktiki olaraq AXCP-dən ibarətdir. Gültəkin Hacıbəyli və bir neçə tanınmış müstəqil hüquqşünas, jurnalistdən başqa Şurada güc yoxdu. ALP-nin geri qayıtması baş tutmadı. Lap gəlsə belə, bu, Şuraya əlavə güc qatmayacaq.
AXCP 2000-ci ilin qisasını Müsavatdan ala bilmədi. Müsavatdan AXCP-yə cəmi 3 nəfər keçdi. Halbuki 2000-ci il parçalanması zamanı AXCP-nin 70 faizi "klassiklər"ə qoşuldu, seçkidə Müsavatı dəstəklədi. Bir sözlə, Fuad Qəhrəmanlının qara piar maşını bu dəfə pis işlədi. AXCP Müsavatı faktiki olaraq üstələyə bilmədi. Müsavat Rəsulzadənin yubiley tədbirini keçirir, bütün müxalifət qatılır, AXCP boykot edir. Amma ictimai rəy bunu "Müsavatın suçu" kimi yox, "AXCP-nin küskünlüyü" kimi qəbul edir. AXCP-nin piar maşınının uğursuzluğunun bir səbəbi də daşın qayaya rast gəlməsi oldu. AXCP-nin piar maşını "klassiklər"ə qarşı deyil, bu işin uzmanına-Rauf Arifoğluna qarşı işləyirdi. Qəhrəmanlının qara piar aparatının dişi Arifoğlu ilə savaşda sındı. Arifoğlunun komandası o qədər dərinə işləyən faktları açdılar, ifşa kampaniyası apardılar ki, AXCP savaşı başlatmaqdan peşman oldu. Əli Kərimli usta tərpənib savaşı dayandırdı. AXCP özünü qalib kimi göstərsə də, əslində uduzdu-Müsavat kimi müttəfiqlə körpüləri yandırdı. AXCP-Müsavat savaşından heç kim qalib çıxmadı. Bütövlükdə müxalifət məğlub oldu, ictimai rəydə "bunların gücü yalnız bir-birinə çatır", "mübarizələri yalnız mandat üçündür" fikri formalaşdı. Ən mühüm məqam isə ənənəvi müxalifətdə başlanmış mərkəzdənqaçma prosesinin sürətlənməsi sayılmalıdır. Yeni partiyaların yaranması, gənclər təşkilatlarının müstəqilliyə can atması Müsavatı da, AXCP rəhbərliyini də narahat edir. Onlar yaxşı anlayır ki, belə davam etsə, ənənəvi müxalifət partiyaları favorit sayılmayacaq, meydandan sıxışdırılıb çıxarılacaq.
Ərhun