“Soçi olimpiadası Qarabağ münaqişəsinin həlli üçün şansdır” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllində mövcud status-kvo dəyişməsə, alternativ yollara əl atılacaq”

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Soçi olimpiadası ərəfəsində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejimi pozulmayacaq" açıqlamasını şərh edib. E.Şahinoğlu bildirdi ki, yanvarın 19-dan başlayaraq cəbhə xəttində atəşkəs rejimi intensiv şəkildə pozulurdu. Politoloq hesab edir ki, təmas xəttindəki gərginlik həmsədrlər, Rusiya və beynəlxalq ictimaiyyəti narahat edir: "Ona görə razılığa gəlindi ki, Soçi olimpiadasının keçirildiyi 20 gün ərzində atəşkəs rejiminə əməl edilsin. Cəbhə xəttində artıq atəşkəs rejiminin pozulması hallarının sayı getdikcə azalır. Əgər bir neçə gün bundan qabaq gün ərzində rejim 300-400 dəfə pozulurdusa, indi bu rəqəmlər 40-50 dəfəyə enib. Azərbaycan və Ermənistan prezidentləri də vəd etdilər ki, olimpiadanın keçirildiyi 20 gün ərzində atəşkəs rejiminə ciddi riayət olunacaq. Bu o demək deyil ki, həmsədrlər bu müddət ərzində vəziyyəti yalnız müşahidə edə bilərlər. Çünki olimpiadanın qurtarması ilə vəziyyət yenidən qarışa bilər. Həmsədrlər 20 gündən səmərəli istifadə edib konkret təkliflər hazırlamalıdırlar. Həmin təkliflər əsasında bölgəyə yenidən səfər edib danışıqları intensivləşdirməlidirlər". Elxan Şahinoğlunun sözlərinə görə, aparılan danışıqlar nəticə verməsə, atəşkəs yenidən pozulmaqda davam edəcək: " Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllində mövcud status-kvo dəyişməsə, alternativ yollara əl atılacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00