“Milli Şura ilə bağlı niyə sual verirsən?” - AÇIQLAMA
Sərdar Cəlaloğlu: “Hal-hazırda forma olaraq Milli Şuranın qabığını saxlayıblar”
6 Fevral 2014 14:18 Siyasət"Azərbaycanın ictimai-siyasi tarixində bir yeri olmayan, öz-özünə dağılıb gedən Milli Şuranı gündəmdə saxlamaq düzgün deyil. Bunu kimlərsə edir" - Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuraya sədr gətirilməsi barədə məsələyə münasibət bildirərkən belə deyib. S.Cəlaloğlu bildirdi ki, qurumla bağlı sualların verilməsi həmişə müəmmalı olub. Cəmiyyət artıq Milli Şura haqqında düşünmür. Çünki birliyin heç bir siyasi və ictimai rolu olmayıb. S.Cəlaloğlu hesab edir ki, Milli Şura Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsinin mümkünsüz olmasından sonra siyasi səhnədən gedib: "Müxalifətin qurum çətiri altında seçkiyə getməsi zorən atılan addım idi. Milli Şuranın qalması R.İbrahimbəyovun Azərbaycana gəlməsi və onun da Rusiya tərəfindən dəstəklənməsilə bağlı idi. Bunların heç biri baş vermədi. Putin əlini çəkəndən sonra nə qurum, nə də ki, İbrahimbəyov əhəmiyyətini itirdilər. Hal-hazırda forma olaraq Milli Şuranın qabığını saxlayıblar. Qurum ətrafındakı ictimai rəyi saxlamaq üçün müxtəlif üsullardan istifadə edirlər. 100 nəfər Əli İnsanov gəlsin, mümkün deyil. Ə.İnsanovun nə kimi gücü var? Şəxsiyyətlər heç vaxt tarixin təkərlərini saxlaya bilməzlər, ən yaxşı halda onun təkərlərini ləngidə bilərlər. Tarixin təkəri hərəkət etmirsə, onu heç kəs hərəkətə gətirə bilməz. Hərəkətə gəlsə belə qarşısına çıxıb saxlaya bilməz. Əli İnsanov nəyi dəyişəcək? Heç nəyi. Milli Şura heç vaxt istəyi olamayacaq. Çünki qurumun gücü Rusiyanın verəcəyi dəstəkdə bağlı idi. Milli Şura ilə bağlı niyə sual verirsən? Başa düşülən deyil. Çünki belə bir qurum yoxdur". ("OLAYLAR iA")