Gənclərimiz Suriyaya hansı məqsəd üçün gedir?

Zahid Oruc: “Suriyanın qanlı və qaynar hərb meydanlarında üz-üzə gələn azərbaycanlılar üçün həqiqi məqsəd bəlkə də heç yoxdur”

Azərbaycanlı gənclərin "cihad" adı altında Suriyaya döyüşlərə getməsi və hər gün onların taleyi ilə bağlı gələn həyəcanlı xəbərlər günümüzdə cəmiyyətin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Hətta məsələ kifayət qədər ciddi xarakter aldığı üçün qanunverici orqan olan Milli Məclisdə parlamentarilər Suriyada döyüşən azərbaycanlılarla bağlı öz fikirlərini bölüşüblər. Son günlərin məlumatı ondan ibarətdir ki, daha üç azərbaycanlı Suriya döyüşlərində həyatını itirib. Məsələyə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc da münasibətini bildirib. Millət vəkili qeyd edib ki,  min bir gecə nağıllarının başdumanlandırıcı əyləncələrini indi ərəb yuxularının vəhşəti əvəz edib: "Üç ili tamam olan Qum döyüşlərininin ölüm maşınından keçən dünya döyüşçülərinin tərkibi kifayət qədər zəngindir. Hər gün yüksək ideallarla cəhənnəmə gələnlərin sıraları genişlənməkdə davam edir. Suriyanın ali müftisi təkcə müxalif qruplaşmalar tərəfindən yüz mindən artıq xarici legionerin vuruşduğunu söyləyib. Hətta onu təkzib etməyə heç kəs ehtiyac duymur. Çünki reallıq həqiqətən belədir. Onlardan təxminən 8 min nəfərini Səudiyyə ərəblərinin ölüm batalyonları təşkil edir". Zahid Oruc deyir ki, müqəddəs peyğəmbərimizin fanatik inanc daşıyıcıları bu torpaqda azlığı təşkil edən-14 faizlik ələvi hakimiyyətinə və Bəşər Əsədin tiraniyasına qarşı din bayrağı altında vuruşurlar: "Min illərlə davam edən məzhəb davasının və İslam bölücülüyünün unikal bir poliqonu yaranıb. İordaniya kralının yetirmələri səudları döyüş meydanında yalnız qoymayıblar. Onların sayı isə  2 minə çatır. Lakin itkilər də məhz onların sırasında yetərli saydadır". Millət vəkilinin sözlərinə görə, hazırda çeçen mücahidləri də cihad adı altında Suriyada döyüşürlər: "Cövhər Dudayevdən sonra başsız qalan çeçen mücahidləri indi öz azadlıq ideallarını xilafət quruculuğu sevdası ilə Suriya torpaqlarına daşıyıblar. Sayları 1700 nəfəri keçməsinə baxmayaraq hər gün Qroznıdan Türkiyəyə təlim məşq düşərgələrinə gələnlərin ardı-arası kəsilmir. Düzdür, tanınmış amerikalı politoloq Pol Qobl bu rəqəmləri Kremlin Şimali Qafqaz isteriyası hesab edərək Putinin dünyanın gözünə kül üfürdüyünü deyir. Lakin acı fakt bundan ibarətdir ki, informasiya məkanına daşınan video görüntülər həqiqətin nə yerdə olduğunu ortaya qoyur. Əsil youtube müharibəsində hər gün yüzlərlə həlak olan meyidlərin arasında zahiri simasını itirsə də çeçenliyini saxlamış xeyli muzdlunun cəsədini gizlətmək mümkün deyil. Onları azadlığa qovuşmağa qoymayan rus ordusunun genosidə uğratdığı bir millətin yeni nəsli indi Yaxın Şərqin səhralarında təzə dini hakimiyyət xülyasının ucuz nökərlərinə çevriliblər. Onu da qeyd edim ki, Qətərdən Tunisə, Türkmənistandan İraqa qədər uzanan din qardaşlığnın onların tərk etdikləri ölkələr üçün çoxlu ziyanları fonunda bir faydası danılmazdır. Həmin qatı ideolojili radikal qruplar sanki bu yolla təhlükəli və ram edilməz bir dəstə kimi başqa ərazilərə öz inqilabi ssenarilərini aparıb gedirlər və müxtəlif rejimlər onlardan azad olur. Guya Putin istəmir ki, təbii seleksiya yolu ilə çeçenlərin içindən belə fədailəri seçib gedər-gəlməzə göndərsin? Onun planladığı zatən elə budur". Zahid Oruc bildirir ki, "müqəddəs savaş"da İranın açıq himayə etdiyi "Hizbullah"ın və nizami Əsəd ordusunun qarşısında vuruşan üsyançı könüllülərin tərkibi təkcə yaşıl bayrağın işığına toplaşanlar deyil. Ukraynadan 400, Gürcüstandan 100-dək, Kanada, Avstriya, Danimarka və digər xristian ölkələrindən birlikdə mindən çox silahlı Suriya dramının qanlı səhnələrinə şahidlik edir. Azərbaycanlıların Suriyada vuruşması məsələsinə gəlincə, millət vəkili hesab edir ki, azərbaycanlılar üçün nəsimicəsinə soyulmaq və Hələb torpaqlarında ölməz hürufi şairin ruhuna ithaf olunan davaya qatılmağın özəl bir mənası var: "Birinci Qarabağ savaşını uduzan ölkənin vətəndaşı hər addımda məğlubiyyət sindromundan əziyyət çəkir. Üstəlik, burada müharibəyə dini rəng vermək də səhra komandirlərimizin ağlına gəlməyib. Elə qonşu İranın Suriyaya qoyduğu canın və xərçlədiyi milyonların ən kiçik hissəsi Azərbaycana yönəlsəydi, şübhəsiz ki, indiki işğal reallığını fərqli bir mənzərə əvəz edərdi. Təkcə bu fakt islam mücahidlərini dövlətlərin siyasi marağına necə alət edildiyini ortaya qoyan mühüm bir faktdır. Ona görə Suriyanın qanlı və qaynar hərb meydanlarında üz-üzə gələn qardaş azərbaycanlılar üçün həqiqi məqsəd bəlkə də heç yoxdur. Önəmlisi vuruşmaq, öldürmək, özünü güclü saymaq, nəyə qadir olduğunu sübuta yetirməkdir. Təbii ki, kisəmizdən getdiklərinin fərqindəyik. O insanlara cənnətin harada olduğunu göstərə bilməmişik. Təkcə ona görə yox ki, fərqli mənəvi qalalar yaradaraq onları düşdükləri sekta və zonbi təlimlərin cəngindən almaqda acizlik göstərmişik. Xeyr, həm də ona görə ki, daha sivil Vətən amallarına bağlılıq həm də gerçək paraların və böyük qazancların üzərindən aparıldığını unutmuşuq. Bir aylıq döyüşlə ailəsini sosial rifahın ən yüksək mərtəbəsinə qovuşdurmağa bəslənən ümidlər isə Türkiyə sərhəddini keçən kimi puça çıxır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00