“Müxalifətin yeni partiya yaratmaq cəhdi uğursuzdur” - AÇIQLAMA
Qabil Hüseynli: “Cəhdləri edən adamlar tez-tez partiya dəyişmiş, müxtəlif qurumlardan çıxmış, birlikləri nümayişkaranə surətdə tərk etmiş adamlardır”
5 Fevral 2014 15:58 SiyasətPolitoloq Qabil Hüseynli müxalifət daxilində yaradılan siyasi partiyalar məsələsinə aydınlıq gətirib. Q.Hüseynli hesab edir ki, müxalifət daxilində yeni partiyaların yaradılmasına cəhdlərdə mərkəzdənqaçma meyillərindən daha çox siyasi ambisiyaların meydan sulaması özünü göstərir. Q.Hüseynli qeyd etdi ki, özünü sübut edə bilməyən insanlar yeni partiyalar yaratmağa, başqa məqsədlər üçün yaratıqları təşkilat və hərəkatları siyasi partiyalara çevirməyə çalışırlar: "Həmin cəhdləri gənclər etsəydilər bu başa düşülən olardı. Bundan sonra müxalifət daxilində gəncləşmə prosesini müşahidə etmək olardı. Cəhdləri edən adamlar tez-tez partiya dəyişmiş, müxtəlif qurumlardan çıxmış, birlikləri nümayişkaranə surətdə tərk etmiş adamlardır. Müxalifət üçün yenidən siyasi partiya yaradıb ortaya çıxarmaq o qədər də asan məsələ deyil. Mümkündür ki, yaradılmış təşkilatın ətrafına 3-5 adam yığılsın. İctimai rəy, şüura təsir edəcək, müxalifət içərisində seçiləcək, həqiq siyasi partiya meyarlarına uyğun siyasi təşkilat qurmaq çox çətin məsələdir. Bunun üçün lazımi elektoral baza yoxdur. Müxaliflərin çoxusu artıq müxtəlif partiyalarda öz yerlərini tapıblar. Bəziləri yeni partiyalarda iştirak edəcəklərini iddia etsələr də vəziyyət dəyişməyəcək. Müxalifətin bu cəhdləri də uğursuz alınacaq". ("OLAYLAR" İA)