“ABŞ Ukraynaya müdaxilə edə bilər”

Rüstəm Məmmədov: “Hələlik isə müttəfiqlər vəziyyəti danışıqlar yolu ilə həll etməsi üçün Yanukoviç hökumətinə xəbərdar etməklə kifayətlənir”

Politoloq Rüstəm Məmmədov Qərb və ABŞ-ın Ukrayna prezidenti Viktor Yanukoviçə etdiyi xəbərdarlıq məsələsinə münasibət bildirib. R.Məmmədov qeyd edib ki, Ukrayna ABŞ və Qərbin maliyyə dəstəyindən məhrum ola bilər. Müttəfiqlərin etdikləri kömək Ukrayna üçün həyati məna kəsb edir. Politoloq hesab edir ki, Ukraynaya Qərbdən edilən xəbərdarlıqlar məntiqsiz deyil. Həmin xəbərdarlıqların arxasında ciddi məqamlar dayanır: "Əgər Yanukoviç ölkədəki vəziyyəti stabil məcraya yönəltməsə, Ukraynaya müəyyən mənada müdaxilələrin olması qaçınılmaz olacaq. Qərbin bu ölkəyə müdaxilə etməsilə daxili qarşıdurmalar güclənə bilər. Həmin vəziyyətin Ukraynanın parçalanmasına səbəb olması ehtimalı da yüksələcək. Hələlik isə Qərb və ABŞ vəziyyəti danışıqlar yolu ilə həll etməsi üçün Yanukoviç hökumətini xəbərdar etməklə kifayətlənir. V.Yanukoviç vəziyyətin daha da gərginləşməməsi üçün irəli sürülən şərtləri qəbul etməlidir". Qərb və ABŞ-ın Ukrayna ilə bağlı Rusiyanın tutumu məsələsinə toxunan Rüstəm Məmmədov qeyd edib ki, Vaşinqton və Brüsselin Ukrayna ilə bağlı mövqeyinin qarşısında Rusiyanın yürütdüyü siyasət effekt verməyəcək. Politoloq fikirlərini onunla əsaslandırdı ki, Rusiya siyasəti "parçala hökmranlıq et" prinsipinə əsaslanır: "Rus siyasi texnikası köhnəlib, artıq heç bir işə yaramır. Bunu birmənalı şəkildə başa düşmək lazımdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00