Ənənəvi müxalifət sistemi dağılır
Parlament seçkilərinə qədər yeni partiyalar yaranacaq
4 Fevral 2014 15:21 SiyasətSrağagün tanınmış araşdırmaçı yazar Xədicə İsmayıl facebOok sosial şəbəkəsində yeni partiya yaratdığını elan etdi. Yazar bildirdi ki, Azərbaycanda liberal avropalaşma xəttinin əsas aparıcı fiqurları kimi tanınan Seymur Baycan, Zamin Hacı, Günel Mövlud, Şahvələd Çobanoğlu, Elnur As və digər postmodernist yazarlar bu partiyanın üzvü olacaqlar. Xədicə xanımın statuslarına yazılan rəylərdə onun bu işə ciddi, ya zarafatla qoşulduğuna olduqca sərt cavablar verilirdi. Hiss olunurdu ki, adamlar zarafat etmir. Belə bir niyyətləri var, sadəcə işi görməyə ciddiyyətləri çatmır. Qeyd edək ki, təşkilatın adının Qanunçuluq Çərçivəsində Mötədil Tərəqqi Partiyası olacağı bildirilirdi. Gecə saatlarında məlum oldu ki, "Azadlıq" radiosunun "ciddi araşdırmaçısı" sadəcə zarafat edirmiş. Belə bir niyyəti yoxdu, partiya yaratmaq istəmir. Bəlkə də X.İsmayıl zarafat edirmiş. Amma ortada niyyət də yox deyil. Xədicənin partiyasının vitrinində adı keçənlərin kimliyi, mövqeləri belə düşünməyə əsas verir. Adı çəkilənlərin əksəriyyəti partiyasızdı, mövcud partiyalardan, ənənəvi müxalifətin qovğalarından bezmiş adamlardır. Bu şəxslərin əksəriyyəti bir neçə il əvvəl böyük ümidlərlə yeni partiya qurmuş Fazil Qəzənfəroğlunun yanına toplaşmışdılar. Yeni lider, yeni siyasi-ideoloji xətt axtarışında olan bu yazarların ümidləri suya düşdü. İndi bu şəxslərin çoxu siyasi fəaliyyətdən kənardadırlar. X.İsmayılın təşəbbüsü çoxları üçün sürpriz oldu. Onlar həqiqətən də hazırkı müxalifətdən iyrəniblər və getməyə yer axtarırlar. Onlar müstəqil şəkildə Avropadan dəstək də ala bilərlər. Çoxları Milli Şuradan çıxandan sonra Müsavatın iflasa uğrayacağını gözləyirdilər. Ancaq bütövlükdə ənənəvi müxalifətin özü iflasa gedir. Siyasi fəallar, perspektivli gənclər ənənəvi müxalifətlə birgə qocalmaq istəmirlər.
Yeganə Hacıyevanın Müsavat Partiyasından gedib müstəqil fəaliyyətə üstünlük verməsi dediyimizə bariz misaldır. Xatırladaq ki, Yeganə xanım Müsavatın xarici əlaqələrinə faktiki olaraq rəhbərlik edirdi. Ancaq daxili siyasi intriqalardan bezdi və partiyadan istefa verdi. Bu o demək idi ki, Yeganə xanım Müsavatın perspektivinə inanmır. Onun kimi yüzlərlə gənc var ki, sadəcə getməyə yerləri yoxdu.
Milli Şura və Müsavat ətrafında baş verən hadisələr bir daha göstərdi ki, ənənəvi müxalifət dalana dirənib, bu düşərgənin heç bir perspektivi yoxdur. Müxalifət yenilənməlidir. Bir neçə il bundan öncə buna təşəbbüs edən Avropa təfəkkürlü gənclər ənənəvi müxalifəti qara piar maşını (Müsavatın qoşa nağara çalanı Zamin Hacı və s) tərəfindən ələ salındı. Ancaq indi situasiya dəyişib. Artıq gənclər çəkinmədən partiya quruculuğuna başlaya bilərlər. Yeri gəlmişkən, yeni partiyalar qurulmağa başlanıb. Bu günlərdə Gələcək Azərbaycan Partiyası yaranıb. El hərəkatı partiyaya çevrilir. İlqar Məmmədovun Real Alternativ Hərəkat partiyalaşma mərhələsindədir. Belə bir dönəmdə X.İsmayılın "partiya qururam" "zarafatı" nəbz yoxlama xarakteri də daşıya bilər. Onun komandasında olanlardan Elnur As Müsavatdan istefa verib Nida Gənclər Təşkilatına üzvdür. Postmodernist yazarlar Müsavatı, AXCP-ni, hətta Yazıçılar Birliyindən istefa verməyən Cəmil Həsənlinin rəhbərlik etdiyi Milli Şuranı qəbul etmirlər. Onlara yeni siyasi təşkilat lazımdır. X.İsmayıl elan etməsə belə, yaxın vaxtlarda postmodernist yazarları içinə ala biləcək yeni siyasi partiyanın yaranması gösləniləndir.
Ərhun Abbas