XİN: "Biz vətəndaşlarımızın Suriyada həlak olmasını istəmirik"
Elmar Məmmədyarov Suriyada hərbi münaqişədə iştirak edən ölkə vətəndaşları ilə bağlı məsələnin araşdırıldığını deyib
4 Fevral 2014 14:16 Siyasət"Biz vətəndaşlarımızın Suriyada həlak olmasını istəmirik və bunun qarşısını almaq üçün lazımı addımlar atılacaq". Bu barədə açıqlamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ilə birgə keçirdiyi mətbuat konfransında deyib. XİN rəhbəri Suriyada hərbi münaqişədə iştirak edən ölkə vətəndaşları ilə bağlı məsələnin araşdırıldığını deyib: "Suriyada gedən döyüşlərdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı KİV-də yayılan xəbərləri izləyirik. Bizim üçün Suriya ərazisində olan azərbaycanlıların hərəkətinə nəzarət etmək çətindir. Biz istəmirik ki, Azərbaycan vətəndaşları bu münaqişədə həlak olsunlar. Bu kimi halların qarşısını almaq üçün bütün mümkün tədbirlər görüləcək".
Xatırladaq ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən artıq azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. ans