Parlamentdə Suriyada döyüşən azərbaycanlıların məsələsi qaldırıldı

Millət vəkili: “Onlar terror təşkilatının üzvü olaraq həm də Azərbaycanın imicinə zərbə vururlar”

Milli Məclisin yaz sessiyası Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclisin payız sessiyasında 10 iclas keçirilib, 170 qanun və qərar qəbul edilib. Bu müddət ərzində ölkədə uğurlu inkişaf baş verib: "Milli Məclis ölkədə həyata keçirilən sosial və iqtisadi inkişafın hüququ bazasını təmin edib. 2013-cü ildə ölkədə mühüm hadisə baş verib. Belə ki, oktyabrın 9-da prezident seçkiləri keçirilib, cənab prezident yenidən dövlət başçısı seçilib. Bu cənab prezidentin son on ildə göstərdiyi fəaliyyətin məntiqi nəticəsi olub. Seçkilərdə bir çox namizədlər olsa da, cənab prezidentin alternativi olmayıb. Əminəm ki, bundan sonra möhtərəm prezidentin rəhbərliyi ilə daha yüksək nəticələr əldə edəcəyik". Oqtay Əsədov daha sonra Milli Məclisin xarici əlaqələrindən danışıb. Deyib ki, ötən il ərzində parlamentin xarici əlaqələri kifayət qədər inkişaf edib: "Sessiya dövründə millət vəkilləri 25 ölkəyə 60 səfər ediblər. Eləcə də 23 dövlətin xarici nümayəndəsi MM-də qəbul edilib. Deputatlarımız bir sıra ölkələrdə prezident seçkilərini müşahidə ediblər". Spiker əlavə edib ki, Milli Məclisin yaz sessiyasında ciddi iş rejimi gözlənilir: "Bu sessiyada Azərbaycan Hökumətinin hesabatını, 2013 dövlət büdcəsinin icrasını müzakirə edəcəyik. Əminəm ki, deputatlar sessiyada aktiv olacaqlar". Sonra millət vəkilləri cari məsələlər üçün ayrılan vaxt ərzində müxtəlif məsələlərdən danışıblar. İlk olaraq

çıxış edən deputat Zahid Oruc Suriyada müharibədə iştirak edən Azərbaycan vətəndaşların məsələsini qaldırıb. Deputat deyib ki, Azərbaycan bu məsələnin üzərindən sükütla keçə bilməz: "Suriya Azadlıq Ordusu adı altında Əsədə qarşı savaşanlar və ya Əsəd tərəfindən vuruşanlar sağ qalsalar Azərbaycana dönəcəklər. Onlar hansısa terror şəbəkəsində olurlar. Orada döyüşənlər fərdi olaraq öz həyatlarına zərbə vurmurlar. Onlar terror təşkilatının üzvü olaraq həm də Azərbaycanın imicinə zərbə vurur. Təklif edirəm ki, Baş Prokurorluq Suriyaya gedib vuruşanlarla bağlı cinayət işi açsın. Onlar düşünməsinlər ki, bura gələndə qəhrəman kimi qarşılanacaqlar. Onlar bura gələndən sonra sakit durmayacaqlar. Mən bu insanlara güzəşt mövqeyi və dini prizmadan yanaşmanı doğru saymıram. Hesab edirəm ki, Cinayət Məcəlləsinə dəyişiklik olmalıdır". Spiker Oqtay Əsədov Zahid Orucun qaldırdığı məsələ ilə əlaqədar deyib ki, Suriyaya gedənlər muzdlu əsgərlərdir və onların qarşısını almaq çətindir: "Amma bu məsələnin üzərində işləmək lazımdır". YAP-dan olan deputat Siyavuş Novruzov deyib ki, bəzi dini qruplar terror çağlırışı edir, hüquq mühafizə orqanları ilə təhdid dilində danışmağa çalışırlar: "Sanki hansısa ölkə Azərbaycanda sabitliyi pozmaq istəyir. Ancaq buna nail ola bilməyəcəklər". Millət vəkili Elmira Axundova isə Heydər Əliyev prospektində evin sökülməsi zamanı iki gəncin vəfat etməsi məsələsini qaldırıb və bu sahədə ciddi nəzarətin olmasının vacibliyini önə çəkib. Deputat qeyd edib ki, bu məsələyə ciddi nəzarət olunmalıdır. Deputat Fuad Muradov Suriyaya döyüşməyə gedən gənclərdən danışıb. Deyib ki, facebook.com ünvanlı sosial şəbəkədə hansısa sayt var və gənclər bu sayt vasitəsilə tanış olub Suriyaya gedirlər. Bu saytlar açıq təbliğat aparırlar. Ciddi addımlar atılmalı, bu insanlara qarşı cinayət işi açılmalıdır. Habelə terroru təbliğ edən saytlar dərhal qapadılmalıdır. Bundan istifadə edib deyə bilməzlər ki, internetə təzyiqlər var. Bizim əhalinin 67 faizi internet istifadəçisidir. Azərbaycan dövlətinin gənclər siyasəti gənclərin firavan yaşamasına hesablanıb". Spiker Oqtay Əsədov isə deyib ki, islam dini yaxşı dindir və burada hətta sələmə pul vermək günahdır: "Amma mən Fuad Muradovla razıyam və hesab edirəm ki, belə saytlarla bağlı addım atılmalıdır". Deputat Ceyhun Osmanlı deyib ki, prezidentin siyasəti vətəndaşların sosial rifahınin yüksəlməsinə yönəlib: "Bu gün infrastruktur elə inkişaf edib ki, SSRİ dönəmində qazı və yolu olmayan kəndlər bunu görür. Amma paytaxtlarda bəzi mərkəzi binaların qazlaşdırılması problemə çevrilib. Bəzi mərkəzi küçələrdə yaşayanlar eyvanda plakat yazmışdılar ki, kömək edin, donuruq. Bəzi binalar istismara verilsə də, problemlərin olduğu səbəbindən "Azəriqaz" onlara qaz vermir. Çünki bürokratik maneələr var. Əlbəttə, bizim qazımız var və qaz problemi yoxdur. Bəzilərində sahibkarlar günahkardır. Bəlkə bu istiqamətdə amnistiya olmalıdır. Hesab edirəm ki, bu problemlər həll olmalıdır". Spiker Oktay Əsədov bildirib ki, bu məsələdə "Azəriqaz"ın heç bir günahı yoxdur. Bina istismara verilməlidir ki, ona qaz çəkilsin. Sonra MM-in intizam və hesablayıcı komissiyaları yenidən formalaşıb, yaz sessiyası üçün qanunvericilik iş planı təsdiq edilib. Müzakirələr zamanı deputat Siyavuş Novruzov deyib ki, Azərbaycanda bələdiyyə üzvləri ilə yanaşı, bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidir və bu məsələ ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməlidir. Zahid Oruc Milli Məclisin adının dəyişdirilərək Millət Məclisi adlandırılmasını, müəllimlərə dövlət qulluqçusu adının verilməsinin iş planına daxil edilməsi təklifini səsləndirib. Elmira Axundova tikintidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini vacib sayıb. Fəzail Ağamalı ipoteka ilə bağlı qanuna dəyişiklik edilməsini istəyib. Fuad Muradov ehtiyacı olan gənclərə evlərin verilməsinə daha çox diqqətin ayrılmasını zəruri hesab edib. Daha sonra iş planı haqqında məlumat verən sədr Oqtay Əsədov bildirib ki, yaz sessiyasının gündəliyinə 12 məsələ daxil edilib. Onun sözlərinə görə, yaz sessiyası müddətində Rəqabət Məcəlləsi, reklam haqqında, dəniz limanları, hərbi qulluqçuların statusu haqqında, silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında, elm haqqında qanun layihələrini müzakirəyə çıxarılacaq. Spiker əlavə edib ki, deputatlar eyni zamanda kənd təsərrüfatı kooperasiyası haqqında, yaşıllıqların mühafizəsi haqqında, akkreditasiya haqqında qanun layihələrini, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər, o cümlədən təşəbbüs qaydasında daxil olan qanun layihələrini müzakirə edəcəklər.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00