“Ərdoğandan sonra vəziyyət Ermənistan üçün daha da ciddiləşəcək”

Elxan Şahinoğlu: “Belə bir iddianı irəli sürmək istənilən siyasətçinin reytinqinə mənfi təsir edəcək”

"Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu Ermənistan milli təhlükəsizlik nazirinin müavini Artur Baqdasaryanın "Ərdoğan hakimiyyətdən getdikdən sonra Ermənistan-Türkiyə sərhədləri açılacaq" fikrinə münasibət bildirib. E.Şahinoğlu qeyd edib ki, R.T.Ərdoğanın hakimiyyətdən getməsindən sonra da Ermənistan-Türkiyə sərhədlərinin açılması mümkün olmayacaq. Baqdasaryanın iddialarının əksinə olaraq, Ərdoğanın getməsindən sonra vəziyyət Ermənistan üçün daha da ciddiləşəcək. Politoloq hesab edir ki, Türkiyə iqtidarında baş verəcək dəyişiklik Ermənistan üçün sərhədlərin açılması baxımından xoş vəd deyil: "AKP-dən sonra Türkiyə hakimiyyətinə ya MHP, ya da ki, CHP gələcək. Həmin partiyaların iqtidara gəlməsi də Ermənistan üçün istənilən nəticəni verməyəcək. Əgər AKP daxilindən keçirilən seçkilərdə Ərdoğanı kimsə əvəz etsə belə Türkiyənin Ermənistanla bağlı siyasətinin dəyişməsi ehtimal olunmayacaq. Ermənistan hakimiyyəti Türkiyənin irəli sürdüyü təkliflərə doğru addım atmadığı üçün rəsmi Ankaranın siyasətində də dəyişiklik olmayacaq. Ermənistan silahlı qüvvələrini hələ ki, Dağlıq Qarabağ və ətraf rayonlardan geri çəkmək niyyətində deyil. Bu faktor isə Ermənistan-Türkiyə sərhədlərinin açılması vaxtını uzadır. Türkiyədə kimin baş nazir olub olmamasından asılı olmayaraq, hər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını proqnozlaşdırmaq çətindir. Belə bir iddianı irəli sürmək istənilən siyasətçinin reytinqinə mənfi təsir edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00