Müsavat Milli Şuraya alternativ yaradır

“AXC nazirləri” blokuna Eldar Namazov da qoşula bilər

Yaxın vaxtlardan Müsavat Partiyası Milli Demokrat (Boz Qurd) və Xalq Partiyaları ilə birlikdə siyasi birlik yarada bilər. Bu barədə Müsavat Milli Şuradan çıxan ərəfədə verilən proqnozları bozqurdların lideri İsgəndər Həmidov təsdiq edib. O, Müsavatın bu istiqamətdə partiyalarla danışıqlar apardığını təsdiq edib. Ötən ilin son ayı Müsavat Milli Şuradan çıxmaq üçün ağrısız yollar axtarırdı. Müxalifət partiyaları ilə görüşlər keçirilir, danışıqlar aparılırdı.  O zaman müxalifət partiyalarından heç biri Müsavatla əməkdaşlığa getmədi. Hətta Müsavatın ənənəvi müttəfiqi KXCP də əməkdaşlığa razılıq vermədi. Müsavatın Milli Şuradan kənar partiyalarla əməkdaşlığı düzgün olmaz, AXCP-nin qara piarına tuş gələ bilərdi. AXCP-nin Müsavat düşməni Fuad Qəhrəmanlı tərəfindən yön verilən qara piar maşını Müsavatın Ümidin və ADP-nin səviyyəsinə endiyini yaza bilərdi. Ona görə də Müsavat ehtiyatı əldən vermədi, müxalifət imici xeyli dərəcədə korlanmış partiyalarla əməkdaşlıqdan qaçdı. Amma ortada başqa partiya da yox idi. Hələ Müsavat Milli Şurada qalarkən İsa Qəmbər istiqalçı deputatlarla, keçmiş mütəfiqləri ilə müəyyən təmaslara kemişdi. Pənah Püseyn Xalq Partiyasının sədri vəzifəsinə qayıtmış, boz qurdların lideri İsgəndər Həmidov Milli Şuranın üzvü olaraq mitinqlərdə radikal çıxışları ilə diqqət mərkəzinə gəlmişdi.  Hiss olunurdu ki, Müsavat perspektivdə siyasi birliyi bu qüvvələrlə yaradacaq. İsgəndər Həmidov bu birliyin anonsunu edib artıq. Sabiq nazir bildirib ki, parlament seçkilərdə birgə iştirakla bağlı Müsavat Partiyası ilə danışıqlar gedir: "Kimin harada namizədliyini verməsini müəyyənləşdirəcəyik. Çalışacağıq ki, vahid namizədlə iştirak edək. Bu, təkcə Müsavat Partiyasına aid deyil, bütövlükdə müxalifət düşərgəsini nəzərdə tuturam. Bu, partiyalarla razılaşmadan asılıdır. Danışıqları mən aparmıram, mənimlə aparırlar. Seçki ilə bağlı danışıqları İsa Qəmbər aparır, başqalarının adını isə açıqlaya bilmərəm. Zamanında açıqlanacaq". Böyük ehtimalla, Müsavatın yeni blokunda Boz Qurd və Xalq Partiyalarından əlavə Milli Şuradan istefa vermiş El Hərəkatı da olacaq. Zəfər Quliyevin ardınca hərəkatın sədri Eldar Namazov da Şuradan istefa verib. Son günlər Namazovla Müsavatı Milli Şuradan qoparmış Rauf Arifoğlu arasında əməkdaşlıq aşkar hiss edilir. Namazovun dəstəklədiyi şəxs Arifoğlunun qəzetində "siyasi restavrasiya" edilir. Belə görünür ki, Arifoğlu Namazovu Müsavatın seçki blokuna çəkə biləcək.  Müsavat meylli xəbər saytlarından biri yeni siyasi ittifaqı "AXC hökumətininin önəmli şəxslərinin birliyi" adlandırıb. Xatırladaq ki, İsa Qəmbər AXCP iqtidarı zamanı parlamentin sədri, İ. Həmidov daxili işlər naziri, Pənah Hüseyn isə baş nazir olub. Eldar Namazov "AXC nazirlərinin birliyinə" daxil olsa, Müsavat Milli Şuraya ciddi alternativ yarada biləcək. Nəzərə alaq ki, müxalifətə qoşulmayan, amma protest elektoratını təmsil edən çoxlu bitərəflər var ki, radikal Milli Şuranı yox, konstruktiv İsa Qəmbər-Pənah Hüseyn-İsgəndər Həmidov üçlüyünü seçəcəklər.

Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00