“Qərb Rusiyanı öz davranışlarına sövq edir” - AÇIQLAMA

Fərhad Mehdiyev: “Qərb Rusiyanın köhnə imperiya gücünü əldə etməsinə və bunu xüsusilə Avropa üzərində tətbiq etməsinə qətiyyən razı deyil”

"Rusiyanın, təsir sahəsi aldandırılan konseptini "yaxın qonşuluq" adı altında  təkrar irəli sürərək, SSRİ-ni bərpa etmək istədiyi mübahisə olunmayan bir fenomendir. Əslində təsir sahəsi, imperial müharibələrin aparıldığı 19-cu əsrdə yaranmış bir anlayış idi" - politoloq Fərhad Mehdiyev "OLAYLAR"a açıqlamasında belə deyib. F.Mehdiyev hesab edir ki, lakin Rusiya bu cəhdində, önümüzdəki 15-20 il ərzində uğurlu ola bilməyəcək: "Beynəlxalq siyasət nəzəriyyəsində "sistem yanaşması" adlanan bir metoda görə, sistem və mühit fərqi göstərilir, mühit daha geniş anlayış olmaqla, böyük güclərin qərar və hərəkətlərinə təsir göstərir. Mövcud beynəlxalq mühiti düzgün qiymətləndirsək, təsirin tətbiq olunduğu ərazilər baxımından (Ukrayna, yoxsa Kazaxstan) fərqli nəticələrə çıxarıq. Müasir beynəlxalq mühit yüksək dərəcədə aktivlik və sürətlili mübadilələr ilə  müşahidə olunur. Bir dövlətin ata biləcəyi addımları, digər dövlətlər daha əvvəl planlaşdırır və dərhal da reaksiya verir. Bütün bunlara, texnologiya və kommunikasiyaların inkişafı da təsir göstərib. Bir şeyi dəqiq deyə bilərik - Qərb öz müstəmləkələrini buraxmaqla, lakin başqa cür təsir altına almaqla (ittifaqlar əli ilə), eyni davranışa Rusiyanı da sövq edir. Bununla belə Qərb Rusiyaya köhnə imperiya gücünü əldə etməsinə və bunu xüsusilə Avropa üzərində tətbiq etməsinə qətiyyən razı deyil. ABŞ hələ də köhnə siyasəti -  "kənardan dur və izlə, lazım olduqda müdaxilə et" prinsipinə sadiqdir. Demək olar ki, ABŞ İngiltərənin əvəllər icra etdiyi "möhtəşəm tənhalıq" siyasətini davam etdirir və bunu WMF, WB, WTO, NATO və UN kimi qurumların mexanizmləri ilə də gücləndirir. Qərbdə belə bir anlayış var - Şərqi Avropaya hakim olan, Avrasiyaya, Avrasiyaya hakim olan da dünyaya hakim olar. Bu səbəblə məsələn, Ukrayna qətiyyən Rusiyaya təslim olunmayacaq. ABŞ-ın Polşanı anti-raket hücumuna qarşı raket qalxanı ilə əhatə etməsinin, Baltik ölkələrinə tam Aİ üzvlüyünün verilməsinin səbəbi budur. Belorusiyada isə, Lukaşenkonun nəzarəti və Rusiya çox güclü olduğuna görə, hələ ki reallıqlar nəzərə alınaraq, Qərb gözləmə mövqeyindədir. Cənubi Qafqaz baxımından isə, Rusiyanın əsas cəhdləri Azərbaycanla bağlıdır. Lakin Azərbaycanda karbohidrat pulları, bunları bazara çıxarabilmə imkanları və sabit, güclü hakimiyyət, hələ ki, Rusiyanın bu cəhdlərini imkansız edir. Bununla belə, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Rusiyanın əlində bir təsir mexanizmidir və bundan da imtina olunmayacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00