“Rusiya imperiya yaratmaq məqsədilə bir sıra ölkələri hədəfə alacaq”

Rusiyanın imperiyanı bərpa etmək istəyi artıq açıq şəkildə özünü büruzə verir. Artıq kütləvi informasiya və telekanallar vasitəsilə də bu istək sadə rusların diqqətinə çatdırılır. Bu günlərdə "ORT" kanalının aparıcısı Sarokin də bildirib ki, biz imperiyanı bərpa etmək istəyirik. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının Məclis üzvü Samir Əhmədov deyib ki, Rusiya bu istəyində qalır və Azərbaycan üçün ən təhlükə doğuran məqam Kremlin imperiyanı bərpa etmək istəyidir: "Hesab edirəm ki, Azərbaycan siyasətçiləri bu məsələdə açıq olmalıdır. Dövlət müstəqilliyi 50 milyonluq azərbaycanlıya verilən şansdır və bunu qətiyyən itirmək olmaz. Ona görə də, biz partiya olaraq 2013-cü ilin fevral-avqust ayları arasında bu məsələyə münasibətdə prinsipial mövqe ortaya qoyduq və bütün qüvvələri diqqətli olmağa dəvət etdik". VİP rəsmisi onu da qeyd edib ki, 2013-cü ildə faciəvi bir mənzərə meydana çıxdı: "Dövlət müstəqilliyinin qazanılmasında bu günə qədər prinsipial mövqe nümayiş etdirən şəxslər Rusiya layihəsində açıq iştirak etmək qərarını verdilər. Bu müxalifət düşərgəsinin ağır və bağışlanmaz səhvi idi. Bu mənada biz tərəf müqabillərimizi seçərkən prinsiplərimizə söykənən mövqeyə malik təşkilatlarla birgə ola bilərik". Samir Əhmədov bildirib ki, bundan sonrakı mərhələdə də Rusiya imperiya yaratmaq məqsədilə bir sıra ölkələri, eləcə də, Azərbaycanı hədəfə alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00