“Rusiya Ukraynanı itirdi” - AÇIQLAMA

Vəfa Quluzadə: “Əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə, ABŞ ona laqeyd qalmayacaq, cavab verəcək”

Politoloq Vəfa Quluzadə Ukrayna prezidenti Viktor Yanukoviçin ölkəsilə Avropa İttifaqı arasında assosasiya sazişinin imzalanmasına qərar verməsinə münasibət bildirib. V.Quluzadənin sözlərinə görə, V.Yanukoviç başa düşdü ki, Rusiya Ukraynaya heç bir sahədə kömək etməyəcək. Politoloq hesab edir ki, Rusiyanın Ukraynaya qoşun yeritməsi təhlükəsi vardı. Rusiya mediasında yayılan məlumatlara əsasən, Moskva Ukraynaya ordu göndərmək üçün zəmin yaradıb. Bəzi rus dairələri tərəfindən Ukrayna xalqının Rusiyadan kömək gözlədiyi və guya Avropa İttifaqına getmək istəmədiyi kimi fikirlərə aydınlıq gətirən V.Quluzadə qeyd etdi ki, Rusiya yalançı iddiaları ilə ukraynalıların ondan kömək gözləməsi görüntüsünü yaratmaq istəyir: "ABŞ isə bunu yaxşı başa düşdüyündən Qara dənizə özünün 4 böyük hərbi gəmisini göndərdi. Əgər Rusiya Ukraynaya hərbi müdaxilə etsə, ABŞ ona laqeyd qalmayacaq, cavab verəcək. İndiki vəziyyətdə Amerikanın mövqeyi bundan ibarətdir. Daxili vəziyyətə gəlincə, Viktor Yanukoviç rusların üstün olduğu Şərqi Ukraynada da mövqelərini itirib. Çünki Şərqdə yaşayan rusmeyilli əhali Rusiyanı dəstəkləmir, Yanukoviçdən isə imtina edib. Ölkədə korrupsiya ən yüksək həddinə çatıb. Rusmeyilli əhali də iddia edir ki, Ukraynada heç vaxt bu qədər korrupsiya olmayıb. İqtisadiyyat çökür, ölkənin iqtisadi məhsulları özünə bazar tapa bilmir. Bu amillərə görə, Şərqi Ukrayna da Rusiyaya meyl etmir. Yanukoviç də başa düşür ki, belə bir vəziyyətdə onun yeganə çıxış yolu xalqın tələblərini yerinə yetirməkdən keçir. Baş nazir Nikolay Azarovun istefaya göndərilməsi və gələcəkdə də hökumət strukturlarında dəyişikliklərin ediləcəyi bu məsələlərdən qaynaqlanır. Yaxın gələcəkdə Ukrayna hökuməti dəyişəcək. Yanukoviç Putinin təzyiqləri altında Ukraynanın Gömrük İttifaqına üzv olmasına razı olmuşdu. İndisə, fikir dəyişdirərək Avropa İttifaqı ilə danışıqlara başlayır. Prezidentin qərarı Ukraynanın Gömrük İttifaqından imtina etməsini göstərən amildir. Həmin faktorları nəzərə alan Yanukoviç təhlükəli mövqeyini dəyişdirdi. Rusiya Ukraynanı itirdi. Moskvanın Ukrayna mübarizəsi Rusiyaya xeyir gətirməyəcək. Çünki indiki şəraitdə keçmiş sovet geosiyasəti gündəmdə olan məsələ deyil. Siyasi ideologiyalar demokratiyaya sarı yönəlib. Rusiya səhvə yol verərək, İkinci Dünya Müharibəsindən sonra ABŞ-la silah yarışına girdi. Əslində bu mübarizə iqtisadi sahədə olmalı idi. Rusiya bazarlarda Rusiya və Qərb malları ilə rəqabət apara biləcək iqtisadi məhsulların istehsalı ilə məçğul olmalıydı. Qərb və Amerika isə güc yarışı Rusiyanı çökdürdü. Rusiya bu vəziyyətdə Ukraynanı özünə tabeə etsəydi belə, həmin mübarizədən qalib gəlməyəcəkdi. Ukrayna özü öz müqəddaratını təyin etmək iqtidarındadır. Qərb də ukraynalıların tələblərinə dəstək vermək gücündədir. Çünki Rusiya siyasi arenadan çıxarılıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00