“Gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”
31 Yanvar 2014 14:20 Siyasət"Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov səsləndirib. Bildirib ki, ölkə Prezidenti tərəfindən 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı " nın təsdiq edilməsi, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoyub: "Bu, bir aksiomadır ki, gənclər hər bir ölkənin gələcəyidir. Dövr inkişaf etdikcə gənclərin təfəkküründə də yeniliklər baş qaldırır, yeni təkliflər meydana çıxır. Biz bunu normal qarşılamalıyıq. Təbii ki, burada dövlətçiliklə bağlı dəyişməz xətt də mövcuddur. Dövlət özü də gənclərin diqqət mərkəzində olmasında, onlara öz potensialını üzə çıxarmaq və cəmiyyətə xərcləmək üçün yüksək şərait yaradılmasında maraqlı olmalıdır. Hesab edirəm ki, Azərbaycanda gənclərə belə bir münasibət var".