“Ukrayna hökumətinin dağılması prosesi sürətlənir” - AÇIQLAMA
Elxan Mehdiyev: “Ölkədəki gərgin situasiya hökumət və dövlət strukturlarını iflic edir”
31 Yanvar 2014 14:19 SiyasətSülh və Münaqişələrin Həlli Mərkəzinin direktoru, politoloq Elxan Mehdiyev Polşa Prezidenti Aleksandr Kvasnevskinin "Yanukoviçin komandası dağılıb" iddiasını şərh edib. E.Mehdiyev Kvasnevskinin iddia etdiyi məsələyə konkret şərh verməyin çətin olduğunu deyib və qeyd edib ki, Ukrayna hökumətində dağılma prosesinin elementləri görünür. Politoloq hesab edir ki, ölkədə baş verən proseslərdən prezident Viktor Yanukoviçin artıq yorulduğu hiss olunur: "Yanukoviç çıxılmaz vəziyyətdə qalıb. Prezident tərəddüd içərisindədir, həm getmək, həm də qalmaq istəyir. Yanukoviç vəziyyətdən çıxmaq üçün məsələləri leqal şəkildə həll etməlidir. Müxalifətin təklif etdiyi ilkin seçkilər V.Yanukoviç hökuməti üçün çıxış yolu ola bilər. Təkliflər dəyərləndirilsə, hakimiyyət gərgin situasiyadan üzüağ çıxacaq. Çünki hal-hazırda Ukraynada hökumət və dövlət strukturlarının iflic olması prosesləri gedir. Yanukoviçin əvvəlki nüfuzu qalmayıb, aşağı səviyyədədir. Hökumətin istefası və ilkin seçkilər hüquqi müstəvidə vəziyyətdən çıxış yolu üçün uyğundur". ("OLAYLAR" İA)