Mübariz Əhmədoğlu: “Ermənistan prezidenti verdiyi sözlərin arxasında dayanmaq qabiliyyətində deyil”
31 Yanvar 2014 13:15 Siyasət"Ermənistan prezidenti Serj Sarkisyan hansısa qüvvələrin təsiri ilə hərəkət edir. Onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi mövzusunda səsləndirdiyi fikirlər də qeyri-səlis düşüncəsinin məhsuludur". Bu fikirləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu Serj Sarkisyanın Çexiyanın paytaxtı Praqada prezident Miloş Zemanla birlikdə təşkil etdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə bağlı deyib. Xatırladaq ki, Ermənistan prezidenti sözü gedən konfransda problemin həllindən danışarkən demişdir ki, hazırda Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ problemi yaşanır: "Bu problemin sülh yolu ilə həll olunmasının və bu mövzuda konstruktiv addımlar atmağın vaxtı çatıb". S.Sarkisyanın bu fikrini analiz edən politoloq Mübariz Əhmədoğlu deyib ki, Serj Sarkisyan Azərbaycanın güclü ordusunun qarşısında dayana bilməz, ona görə də bu mövzuda həqiqətə uyğun olmayan fikirlər söyləyir". Politoloq fikrinin davamında Ermənistan prezidentinin bu günədək verdiyi vədlərin heç birini yerinə yetirmədiyini də xatırladıb: "2011-ci ildə keçirilən Kazan görüşündə Serj Srkisyan Azərbaycan Prezidenti ilə görüşmək üçün 10 şərt irəli sürmüşdü. Ancaq o, bu şərtlər yerinə yetirilmədən də Prezident İlham Əliyevlə görüşdü. Ümumiyyətlə, Serj Sarkisyan verdiyi heç bir sözün arxasında dayanmaq qabiliyyətində deyil və verdiyi heç bir sözə əməl etmir". azadinform