Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" əsəri litva dilinə tərcümə edilib
30 Yanvar 2014 18:19 SiyasətGörkəmli ictimai və dövlət xadimi, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" adlı tarixi oçerki diasporumuzun xətti ilə Litva dilində yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, oçerk Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə bu ilin 27 və 29 yanvar tarixlərində Litvanın populyar www.slaptai.lt portalında "Azerbaidžaniečių genocido realijos" başlığı altında dərc olunub. Əsər Litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərəfindən tərcümə edilib. Tərcüməçi tərəfindən yazılmış giriş məqaləsində Litva oxucularına akademik Ramiz Mehdiyevin həyat və yaradıcılığı haqqında məlumatlar da təqdim olunub. Əsərlə tanış olan litvalı siyasət adamları və tarixçilər akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" kitabını 20 Yanvar qırğını tarixinin dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndiriblər. Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik Ramiz Mehdiyevin göstərilən əsəri ilə litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyini daha yaxından başa düşəcək və Azərbaycan-Ermənistan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də indi gedən mürəkkəb proseslərin əsil səbəblərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər. Litva ictimaiyyətinin marağını nəzərə alaraq, yaxın zamanlarda kitabın tam şəkildə litva dilində nəşr edilməsi nəzərdə tutulub.