Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olundu
“O, azərbaycançılığı ümumi türkçülüyün ayrılmaz bir hissəsi kimi göstərirdi”
30 Yanvar 2014 18:03 SiyasətYanvarın 30-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Novxanıda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi ilə bağlı elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolundan və Şərqdə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikasını yaratmasından danışıb.
Daha sonra çıxış edən Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsizadə keçirilən tədbirə görə başda AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov olmaqla hər kəsə təşəkkürünü bildirib və göstərilən diqqətdən məmnun olduğunu bildirib.
Tədbirdə Məhəmməd əmin Rəsulzadə ilə bağlı müxtəlif mövzularda çıxışlar olub. İlk çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Nəsiman Yaqublu "M.Ə.Rəsulzadənin mühacirət həyatı" mövzusunda çıxış edib. Tarixçi öz çıxışı zamanı qeyd edib ki, Rəsulzadənin mühacirət həyatı çox ağır və məşəqqətli keçib. Rəsulzadə xalqı üçün öz ailəsini və həyatını qurban verib. Nəsiman Yaqublunun sözlərinə görə, Rəsulzadə mühacirətdə yaşadığı dövrdə 10-dan artıq ölkədə yaşayıb.
Tarixçi vurğulayıb ki, Rəsulzadə ilə bağlı bir çox ölkələrdə elmi-tədqiqat işi aparılır. Hətta xarici alimlər öz dissertasiya işlərini də Rəsulzadə ilə bağlı yazırlar. Nəsiman Yaqublu bu kimi ölkələr arasında Yaponiya, Fransa, Almaniya, Polşa və digər ölkələrin adını çəkib.
Daha sonra çıxış edən fəlsəfə elmləri doktoru Yadigar Türkel "M.Ə.Rəsulzadənin siyasi publisistikası" mövzusunda məruzə ilə çıxış edib.
"M.Ə.Rəsulzadənin milli şüurun formalaşmasında rolu" mövzusunda məruzə ilə tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı çıxış edib.
Məhəmməd Əmin Rəsulzadənin ən böyük əsəri Azərbaycan Xalq Cümhuriyyətidir. Cəmi 23 ay yaşamasına baxmayaraq Şərqdə ilk demokratik respublika olan AXC-nin dövlətçilik ənənələri bu gün özünü göstərməkdədir. "Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti" mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov çıxış edib. Daha sonra tədbir müzakirələrlə davam edib.
Rəsulzadənin 130 illiyi ilə bağlı tədbirin Novxanıda keçirilməsini heç də təsadüfi hesab etmək olmaz. Belə ki 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını yaratmışdır. Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
İlk və müsbət örnəyi müstəqil və demokratik Milli Azərbaycan Cümhuriyyəti təşkil edən bu hərəkat və dava ətrafında Məhəmməd Əmin Rəsulzadə konqres, konfrans, qurultay, məclis və yığıncaqlarda söylədiyi nitqlər, oxuduğu məlumatlar, etdiyi mübahisə və müzakirələr, nəşr etdiyi bəyannamə və verdiyi bəyanatlar, çıxardığı qəzet və jurnallar, yazdığı məqalə və çap etdirdiyi kitablarda Azərbaycanın müstəqil olmasının vacibliyin qeyd edirdi.
M.Ə.Rəsulzadə bir tərəfdən, Azərbaycan milli ideyasını müdafiə edir, digər tərəfdən, azərbaycançılığı ümumi türkçülüyün, turançılığın ayrılmaz bir hissəsi olduğunu göstərirdi. Hələ Azərbaycan Cümhuriyyəti qurulmamışdan öncə (1917-ci il), Rusiya tərkibindəki türk-tatar millətlərinin, o cümlədən Azərbaycan türklərinin ayrı-ayrılıqda milli-ərazi muxtariyyətini tələb etməklə yanaşı, Rəsulzadə gələcək muxtar türk dövlətlərinin nümayəndələrindən ibarət Milli Şuranın formalaşdırılmasını təklif etmişdi. Azərbaycanın ictimai-siyasi fikrində millətçilik və milliyyətçilik anlayışlarının fərqi çoxlarına hələ də tam aydın deyildir. Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin yurdumuzun ən dəyərli insanlarını "millətçi" damğası ilə öldürdüyü illərdə türk dilindəki millətçi sözünün Avropadakı patriotizm termininin qarşılığı olub, patriotizmin tarix boyu, eləcə də XX yüzildə, bütün dünyada ən şərəfli bir ictimai-siyasi proses olduğunu deyərək, dünya ictimai fikrini bu məsələyə yönəltməyə çalışırdı.
Sevda Qurbanqızı