Ermənistan intihara gedir
“Bu ölkə hakimiyyəti yaxşı başa düşür ki, həm canlı qüvvə, həm də malik olduğu hərbi silah-sursat və texnikasına görə Azərbaycana uduzur”
30 Yanvar 2014 14:03 SiyasətSon bir neçə həftə ərzində cəbhə xəttindən həyəcanlı xəbərlər gəlməkdədir. Ermənilərin atəşkəs rejimini müntəzəm şəkildə pozması nəticəsində bir neçə hərbiçimiz şəhid olub, sərhədyanı kəndlərdə yaşayan dinc sakinlər xəsarət alıb. Ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri də qarşı tərəfə öz layiqli cavabını verərək düşməni kifayət qədər təşvişə salıb. Atəşkəs rejimini pozmaqla özünə problem yaradan Ermənistanın hazırda əsas istəyi cəbhədə atəşkəsə nail olmaqdır. Çünki Ermənistan sözün əsil mənasında Birinci Qarabağ savaşından sonra Azərbaycandan belə bir ciddi zərbə almamışdı. Bəs görəsən, Ermənistanın cəbhə xəttində atəşkəsi pozması, xüsusilə indiki mərhələdə belə bir addım atması nəyə hesablanmışdı və işğalçı ölkə Azərbaycan tərəfinin belə bir əks zərbəsini gözləyirdimi?
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirir ki, son vaxtlar cəbhə bölgəsində atəşkəs rejiminin tez-tez pozulması hallarını intensivləşib. Onun sözlərinə görə, indiki vəziyyətdə Ermənistanın atəşkəs rejimini pozması hallarının çoxalması isə təsadüfi deyil: Mütəllim Rəhimli deyir ki, bunun arxasında daha böyük niyyətlər durur: "Zənnimcə, bu təkcə Ermənistanın indiki rəhbərliyinin iradəsindən asılı deyil. Belə ki, Ermənistan hakimiyyəti də yaxşı başa düşür ki, həm canlı qüvvəsinə, həm də malik olduğu hərbi silah-sursat və texnikasına görə Azərbaycana uduzur. Belə bir vaxtda düşmən tərəfin müharibəyə başlamaq üçün qarşı tərəfə əsaslar verməsi inandırıcı olmazdı. Bu özünü intihar olardı. Deməli, burada başqa səbəblər var". Mütəllim Rəhimli atəşkəsin pozulmasıma səbəb olan amillər barədə də danışıb: "Düşünürəm ki, atəşkəsin pozulması iki ehtimalla bağlı ola bilər. Birincisi, Azərbaycan Avropaya inteqrasiya yolunu tutaraq, Avrasiya İqtisadi Birliyinə qoşulmaq istəmir və bu Rusiyanı narahat edir. Ona görə də şimal qonşumuz Ermənistanın əli ilə atəşkəsi pozmaqla Azərbaycan hakimiyyətinə təzyiqlər etmək istəyir. Fikir verirsinizsə, əsasən ən ciddi gərginlik ölkəmizin qərb sərhədlərindədir. Yəni bu bir növ təhdiddir ki, həm Gəncəyədək olan əraziləri zəbt edərik, həm də Bakı-Tbilisi- Ceyhan əsas ixrac boru kəməri məhv edilə bilər". Ekspert də hesab edir ki, Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin bu cür əks zərbəsini təsəvvür etmirdi: "Etiraf etmək lazımdır ki, ordumuzda olan müasir silahlar və döyüş texnikası yeni ərazi itkilərinin qarşısını almağa imkan verir. Hətta Rusiya Ermənistana açıqca köməklik göstərsə belə. Baxmayaraq ki, bunun ehtimalı da kifayət qədər azdır". Ədalət Partiyasının sədr müavini onu da əlavə edib ki, atəşkəsin pozulması indiki vaxtda Azərbaycana sərf edir: "Bunu əsas gətirərək, güman edirəm ki, ehtimalı aşağı olsa da Azərbaycan tərəfinin də cəbhədə vəziyyəti gərginləşdirdiyini demək mümkündür. Çünki sülh danışıqları artıq 20 ildir ki, ölü nöqtədən tərpənmir. Bu isə iqtidarın ölkə daxilində nüfuzuna mənfi təsir edir. Həm də ordunun gücü imkan verir ki, iqtidar cəbhədə bu cür manevrlər etməklə beynəlxalq ictimaiyyətə çatdırsın ki, işğal faktına münasibətdə ədalətli mövqe nümayiş etdirsinlər. Əks halda bölgədə çox ciddi gərginlik və qarşıdurma yarana bilər. Yəni bununla hakimiyyət heç olmasa Qarabağ ətrafı bir neçə rayonun azad edilməsini istəyir. Bu isə təbiidir".
Millət vəkili Fuad Muradov da bildirib ki, atəşkəs rejiminin pozulması təsadüfi xarakter daşımır: "Bir qayda olaraq atəşkəs rejiminin pozulması hər dəfə ya xarici işlər nazirlərinin görüşü, ya da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı müşahidə olunur. Zənnimcə Ermənistan dövlət rəhbərliyinin əsas məqsədi odur ki, özünü və ətrafdakıları qoruyub saxlaya bilsin. Nəticə etibarilə onlar da Ermənistan xalqını talamağa davam etsinlər. Ali baş komandanımız İlham Əliyev hər dəfə bəyan edir ki, torpaqlarımızın işğaldan azad olunmasını istənilən vaxt həyata keçirə bilərik. Bu danılmaz faktdır ki, Ermənistan separatizm üzərinə qurulan dövlətdir. Dövlətin mahiyyəti isə parçalamaq, öz insanlarını diaspor təşkilatları vasitəsi müxtəlif ölkələrdə yerləşdirməkdir".
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlə üzrə katibi Elşən Mustafayev də deyir ki, Azərbaycanla sərhəddə atəşkəsin pozulması atəşkəs əldə olunandan sonra tez-tez baş verən hadisələrdəndir. Onun sözlərinə görə, cəbhə xəttində atəşkəsin pozulması 2 halda baş verir: "Ya sərhəddə olan hərbçilərin təşəbbüsləri, ya da hansısa siyasi məqsəd naminə təşkil olunur. Ermənistan tərəfinin məhz siyasi məqsədlə atəşkəsi pozması faktları çoxluq təşkil edir. Bu məqsədlər müxtəlif hədəflərə istiqamətlənə bilər". Elşən Mustafayev bildirib ki, zaman-zaman Ermənistandakı gərgin daxili siyasi vəziyyəti yumşaltmaq üçün işğalçı ölkə hakimiyyəti diqqəti təmas xəttinə yönəldib: "Eyni zamanda regional siyasi proseslerin gedişində də kiminsə, hansısa dövlətin maraqlarına uyğün olaraq bu addımı ata bilərlər. İstənilən halda Ermənistan hakimiyyəti atəşkəs pozuntusunu məqsədli edir".
Süleyman İsmayılbəyli