“Namazovun Rusiyanın layihəsindən ABŞ səfirliyinin təkidilə çıxması qaranlıqdır” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Milli Şura bir layihə kimi öz ömrünü başa vurdu və Eldar Namazov üçün də gərəkli olmadığı üçün ənənəsinə uyğun olaraq birliyi tərk elədi”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli "EL" Hərəkatının sədri Eldar Namazovun ABŞ-ın Azərbaycandakı səfirliyinin təkidilə Milli Şuradan imtina etməsi barədə yayılan məlumatlara münasibət bildirib. E.Mirzəbəyli hesab edir ki, Eldar Namazovun Milli Şuradan imtina etməsi mürəkkəb situasiyadır. Elçin Mirzəbəyli qeyd etdi ki, məsələ barədə prinsip etibarilə müxtəlif fərziyyələr irəli sürmək olar. Eldar Namazovun Rusiyanın layihəsi olan Milli Şuradan ABŞ səfirliyinin təkidilə çıxmasının qaranlıq qalan məqam olduğunu deyən BAXCP rəsmisinin sözlərinə görə bu, "EL" sədri haqqında maraqlı təsəvvürlər yaradır: "Digər tərəfdən E.Namazovun Milli Şuradan çıxması təəccüblü deyil. Çünki daha əvvəl də onun ətrafında olan insanlar tərəfindən bu cür fikirlər səsləndirilirdi. Bildirilirdi ki, Eldar Namazov qurumdakı missiyasını başa vurub və tamam başqa müstəvidə fəaliyyətini davam etdirəcək. Bu fərziyyə daha inandırıcıdır. Milli Şura bir layihə kimi öz ömrünü başa vurdu və Eldar Namazov üçün də gərəkli olmadığı üçün ənənəsinə uyğun olaraq birliyi tərk elədi. Bu, Namazovun bu günə qədər siyasi ənənəsinə uyğun yanaşmadır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00