“ABŞ və Qərb ikinci Qarabağ müharibəsinə müdaxilə edəcək” - FİKİR

Elxan Şahinoğlu: “Azərbaycan Ermənistana müharibə elan etməyəcək, Dağlıq Qarabağı işğaldan qurtaracaq”

"İşğalçı dövlətin hərbi texnologiyası Rusiya tərəfindən modernləşdirilirsə, bu artıq proseslərə müdaxilə deməkdir. Rusiyanın Ermənistana ötürdüyü tanklar ara-sıra Dağlıq Qarabağda da peyda olur" - Ermənistan-Azərbaycan sərhədinə başlayan hərbi əməliyyatlara Rusiyanın mövqeyini dəyərləndirən politoloq Elxan Şahioğlu belə deyib. E.Şahinoğlu bildirib ki, Azərbaycan müdafiə naziri Zakir Həsənovun açıqlması da xüsusi diqqət çəkir. Kəşfiyyat məlumatlarına əsasən, Ermənistan tərəfdə erməni dililə yanaşı, rus dilində də təlimat səsləri eşidilir. Bu isə Rusiyanın artıq proseslərin içində olması deməkdir. Politoloq qeyd etdi ki, Rusiya və Ermənistan arasında hərbi anlaşmalar var: "Bu o demək deyil ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməməlidir. Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur. Azərbaycan Ermənistana müharibə elan etməyəcək, Dağlıq Qarabağı işğaldan qurtaracaq. Bu çərçivədə Rusiyanın Ermənistana kömək cəhdləri məntiqsizdir. Rusiyanın Ermənistana dəstəyi həmişə olub, bu gün də var. Çünki Ermənistan Rusiyanın əlavəsinə, quberniyasına çevrilib. Bütün Ermənistan sərhədlərini rus qoşunları qoruyur. Yəni ki, Ermənistan müstəqil dövlət kimi yoxdur. Müharibə başlayan kimi Azərbaycan Ermənistan-Rusiya tandemilə üz-üzə gələcək". Məsələdə ABŞ və Qərbin mövqeyi məsələsinə toxunan Elxan Şahinoğlu vurğuladı ki, Qərb və ABŞ Ermənistan-Azərbaycan müharibəsinin başlanmasını istəmir. Xarici ölkələrin Azərbaycandakı səfirləri atəşkəs rejiminin pozulmasından narahat olduqlarını bildirirlər. Politoloq hesab edir ki, bunun müqabilində müttəfiqlər Ermənistanı sülhə vadar etmirlər: "ABŞ regionda sabitlikdə maraqlıdır ki, enerji resursları Avropa bazarına təhlükəsiz şəkildə çatdırılsın. Amma Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan ədalətli mövqeyindən proseslərə girişmək istəmir. Lakin müharibə başlayıb hərbi əməliyyatların miqyası genişlənsə, Qərb və ABŞ bundan ciddi şəkildə narahat olacaq və proseslərə müdaxilə etmək məcburiyyətində qalacaqlar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00