Müharibəni qazanmağın formulu

Toplumu savaşa hazırlamaq, ehtiyat qüvvələri səfərbər etmək, informasiya savaşına başlamaq

Ermənistanla təmas xəttində gərginliyin yaranması, atəşkəsin pozulması hallarının artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Ermənistanın Azərbaycana təcavüzü ilə başlanmış, 1994-cü ilin 12 mayında atəşkəslə müvəqqəti dayanmış müharibə yenidən alovlana bilərmi? Azərbaycan cəmiyyəti savaşa hazırdırmı? Son hadisələr göstərdi ki, müharibə hər an başlaya bilər. Çünki atəşkəs dövrü başa çatıb, Bişkek prosesi bitib. Bu prosesin sona çatdığını Rusiya və Ukrayna ətrafında baş verən hadisələr də sübut edir. Suriyada ABŞ və müttəfiqlərini dalan dirəmiş Rusiya fürsətdən yaralanıb keçmiş SSRİ düşərgəsində möhkəmlənməyi qarşıya məqsəd qoyub. Rusiya Qırğızıstanda iqtisadi rıçaqlarını gücləndirib. Ukrayna uğrunda ölüm-dirim savaşı aparır. Moskva Ermənistanla kifayətlənməyib bütünlükdə Qafqazı ələ keçirməyə çalışır. Kreml SSRİ-ni başqa adla bərpa etmək istəyir. 1922-ci ildə rus imperiyası başqa ad altında-SSRİ adı ilə bərpa edildi. Putin Rusiyası indi SSRİ-ni Vahid Gömrük İttifaqı, Kollektiv Müdafiə Təşkilatı, Avrasiya İttifaqı kimi adlar altında bərpa etməyə can atır. Amma məsələ burasındadır ki, Rusiya özü yaratdığı münaqişələrin girovuna çevrilib. 90-cı illərdə Rusiya SSRİ-dən qopmuş respublikaların müstəqil siyasətdə çox da irəliləməmələri üçün etnik müqaqişələr yaratdı.

Azərbaycan üçün Dağlıq Qarabağ, Gürcüstan üçün Cənubi Osetiya, Abxaziya, Moldova üçün Dnestryanı münaqişəsi yaradılmışdı. İndi həmin problemlər Avrasiya İttifaqı və Gömrük Birliyinin yaradılması üçün əngələ çevrilib. Rusiya bu problemləri həll etməlidir. Tutaq ki, Ermənistan və Azərbaycan Gömrük İttifaqına üzv oldu, hansı sərhədlər çərçivəsində olacaq? Münaqişələr həll edilməli və Vahid Gömrük İttifaqının sınırları bəlli olmalıdır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün unikal şans yaranıb. Rusiya münaqişə tərəfi olan dövlətlərə savaşı başlatmaq imkanı verə bilər. Bu halda isə güclü kimdirsə, o da qalib gələcək.

Azərbaycan hər an müharibəyə hazır olmalıdır. Silahlı Qüvvələrdə aparılan islahatlar insanlarda ümid və inam yaradır. Azərbaycan insanı əmindir ki, Milli Ordumuz iqtisadiyyatı və ordusu bərbad vəziyyətdə olan Ermənistana qalib gələ bilər. Erməni ordusunun durumu aydındır. Erməni əsgəri haqsız olduğunu, işğalçı olduğunu bilir. Azərbaycan əsgəri isə işğal olunmuş vətən torpaqları uğrunda savaşacağını anlayır. Bu baxımdan psixoloji üstünlük bizim tərəfimizdədir. Bu günlərdə hərbi araşdırma mərkəzlərindən birinin açıqladığı statisik məlumatlar da ümumi müqayisə baxımından Azərbaycan ordusunun düşmən ordusundan qat-qat üstün olduğunu sübut etdi.  İndi qalır cəmiyyəti savaşa hazırlamaq, ehtiyat canlı qüvvəni müharibəyə səfərbər etmək və informasiya cəbhəsində uğurun yollarını aramaq. Unutmayaq ki, birinci çeçen savaşının uğur qazanması informasiya siyasətinin düzgün qurulmasının nəticəsi idi. Telekanallar, yazılı və elektron KİV ayıq olmalı, düşmənə sərf edən informasiyalardan qaçmalı, cəmiyyəti vətənpərvər ruha kökləməlidir. Toplum olaraq düşmənə qarşı effektli müharibəni başlada bilsək, zonucu qələbə olan bu savaş qısa da sürə bilər.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00