Milli Şura Eldar Namazovu başı aşağı yola saldı - SİYASİ ANALİZ
Gündəmdən düşmüş politoloq üçün qurumdan getmək xaricində alternativ variant qalmırdı
29 Yanvar 2014 15:46 Siyasət"El" Hərəkatının sədri Eldar Namazov Milli Şuradan getdi. Milli Şuranın icra aparatının rəhbəri vəzifəsini də icra edən E.Namazovun gedişi əsasən ABŞ-ın Azərbaycandakı səfirliyinin xüsusi tapşırığı ilə əlaqələndirdildi. Lakin "EL" sədrinin qurumdan imtina etməsinin bir sıra səbəbləri də var. Məsələn, E.Namazovun gedişində MŞ-ın sabiq sədri Rüstəm İbrahimbəyov faktorunun böyük payı var. R.İbrahimbəyov Milli Şuranın sədri vəzifəsini icra edəndə Namazov qurumda söz sahibi olan ikinci şəxs idi. Lakin rejissorun vəd etdiyi kimi Azərbaycana qayıtmasının qarşısında olan əngəllərə görə, E.Namazov Milli Şura daxilindəki fəaliyyətini passiv mövqeyə keçirdi. "El" Hərəkatı birliyin keçirdiyi mitinqlərə də səthi münasibət nümayiş etdirdi. Namazov üzərinə düşən vəzifəyə uyğun olaraq, keçirilən mitinqlərə lazımi elektorat çıxara bilmədi. Müxalifətin prezident seçkisinə "super hazırlığı" çərçivəsində "El" ətrafında narazı qüvvə toplamalı idi. Lakin bacarmadı. Bu amil isə E.Namazovun qurumdakı nüfuzunu zərbə altına saldı. Müxalifət daxilində nüfuz zərbəsi almış politoloq gündəmdən düşdü. R.İbrahimbəyovun sədrlikdən imtina etməsi isə politoloqu qurum daxilində pas vəziyyətinə düşürdü. Eldar Namazov Rusiyanın layihəsi kimi qiymətləndirilən Milli Şuradan siyasi məqsədlərlə yanaşı, iqtisadi maraqlarını da təmin etməyi planlaşdırırdı. Faktiki olaraq qurum qarşısına qoyduğu vəzifələri icra edə bilmədiyi üçün Milyaderlər İttifaqı şuraya pul ayırmaqdan imtina etdi. Bu isə E.Namazovun əsas maliyyə axınının qarşısına maneənin qoyulması deməkdi. Siyasi və iqtisadi maraqlarının təmin olunmaması "El" sədrini qurumdan qaçırdı. Rusiyadan istədiyini ala bilməyən politoloqun maliyyə qaynağının təmin edilməsi üçün ABŞ-a üz tutması inandırıcıdır. Amerika səfiri Riçard Morninqstarla keçirilən görüşlər şübhələri artırır. Digər tərəfdən R.İbrahimbəyovun getməsindən sonra Müsavat Partiyasının Milli Şuradan imtina etməsi də E.Namazovun istefa qərarına təcil qazandırdı. Müxalifətin üstün güclərinin istefa qərarlarından sonra cəbhəçilərin quruma axını başladı. Milli Şuranı tamamilə ələ keçirən AXCP sədri Əli Kərimli ona yaxınlığı ilə tanınan professor Cəmil Həsənlini birliyə sədr təyin etdi. C.Həsənlinin MŞ-a gəlişi E.Namazovu cəbhəçilərin kölgəsinə itələdi. Təcrübəli siyasətçi Cəmil Həsənli kimi qeyri-peşəkar oyunçu ilə eyni birliyin bayrağı altında duruş gətirə bilməzdi. Professorun sədrliyilə Milli Şuranın Əli Kərimlinin çıxışları ilə silahlanması Eldar Namazovun maraqlarına uyğun deyildi. Liderlik ambisiyası da politolqun qurumdan uzaqlaşmasına təkan verdi. Namazov həm də Milli Şuraya vədlərlə gəlmişdi. Lakin müəyyən məsələlərin politoloqun vədlərinin yerinə yetirilməməsi Milli Şura ideyasının "xaç atası" adlandırılan E.Namazovu pis vəziyyətdə saldı. Təklənmiş siyasətçinin ətrafında "EL" Hərəkatının ali məclisinin sədri Eldəniz Quliyevdən başqa heç kəs qalmayıb. Siyasətdə o qədər də təcrübəsi olmayan E.Quliyev sədrin işinə yaramır. Namazovla müqayisədə Quliyevin geniş əlaqələri də yoxdur. Gündəmdən düşmüş E.Namazov üçün Milli Şuradan getmək xaricində alternativ variant qalmırdı.
Mənsur Rəğbətoğlu