“Cəbhə bölgəsində baş verənlərdə Rusiyanın əli var” - AÇIQLAMA

Qabil Hüseynli: “Rusiyanın Ermənistan tərəfinə keçməsi müharibəyə NATO, Türkiyə və ABŞ-ı da cəlb edəcək”

"Ermənistan-Azərbaycan sərhədində baş verən gərgin proseslərdə Rusiyanın rolu var. Çünki Ermənistan təkbaşına bütün dövlət sərhədi və təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara başlamağa cürət etməz" - politoloq Qabil Hüseynli sərhəd xəttində baş verən proseslərə münasibət bildirərkən belə deyib. Q.Hüseynli hesab edir ki, Ermənistan həmçinin müstəqil şəkildə 30 nəfərlik diversiya qrupunu Azərbaycana keçirməyə də cəhd edə bilməzdi. Cəbhə xəttindən gələn məlumatlara əsasən, Azərbaycan tərəfinə keçməyə cəhd edən təxribat qrupuna əmr erməni yox, rus dilində verilib. Politoloq qeyd etdi ki, son zamanlarda müəyyən məsələlərə görə, Azərbaycanın sərhədboyu bölgələrə irimiqyaslı hərbi texnologiya cəmləməsi Ermənistan və onun baş hamisi Rusiyanı ciddi şəkildə narahat edir: "Atəşkəs rejiminin gündə ən azı 300-400 dəfə pozulması məsələdə kənar əlin olmasını sübüt edir. Həmin əl Ermənistanı həm silahlandırır, həm də müəyyən tapşırıqlar verir. Ştat əməliyyatlarının hazırlanmasında onların kadr və təlimatçıları iştirak edirlər. Həmin əlin Rusiyaya məxsus olması dəqiqdir". Müharibənin yenidən başlanması ehtimalını dəyərləndirən Qabil Hüseynli bildirdi ki, Rusiya Ermənistan və Azərbaycan arasında ikinci hərbi əməliyyatların başlamasını istəyir. Amma Ermənistan və Azərbaycan da başa düşürlər ki, müharibənin başlaması hər iki dövlət üçün əhəmiyyətli deyil: "Rusiya müharibə əsnasında Ermənistan tərəfindən iştirak etməklə hərbi əməliyyatların əhatə dairəsini genişləndirəcək. Bu isə Azərbaycan və Ermənistanın maraqlarına xidmət etmir. Müharibənin başlanması proseslərə NATO, Türkiyə, ABŞ-ı da cəlb edəcək. Çünki ABŞ-ın burada ciddi iqtisadi maraqları və yatırımları var. Bu nöqteyi-nəzərdən ikinci müharibə odla oynamaq deməkdir. Ona görə də müharibənin başlaması mümkün olmayacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00