“Rusiyadan Qarabağla bağlı yaxşı xəbərlər gəlir”

Akif Nağı: “Rusiya ikinci Ermənistan-Azərbaycan müharibəsində loyal qalacaq”

"Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan hakimiyyəti fəaliyyətini daha da aktivləşdirib. Məsələ ilə bağlı müəyyən irəliləyişlər var" - Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cəbhə xəttində davam edən gərgin proseslərə aydınlıq gətirərkən belə deyib. A.Nağının sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən forumda da bir daha vurğuladı ki, Qarabağla bağlı aparılan danışıqların yalnız bir həlli yolu var, Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Eyni mövqeni Parisdə erməni həmkarı ilə görüşən Elmar Məmmədyarov da sərgilədi və bildirdi ki, beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağa təhrik etməlidirlər. QAT sədri hesab edir ki, Azərbaycanın bu mövqeyi müharibəyə hazırlıq kimi dəyərləndirilməlidir. Ermənistan isə ordusunu Dağlıq Qarabağ və ətraf rayonlardan çəkmək istəmir: "Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, əgər Ermənistan işğal etdiyi ərazilərdən geri çəkilmirsə və aparılan danışıqlar nəticə vermirsə, Azərbaycan tərəfi adekvat addım atacaq. Artıq bununla bağlı hazırlıq işləri gedir. Cəbhə xəttində baş verən gərgin proseslər Ermənistan tərəfinə ciddi xəbərdarlıqdır. Çünki Azərbaycan dəfələrlə Ermənistan təxribatını ağır itkilərlərlə geri çəkilməyə məcbur edib. ABŞ mətbuatında da bu barədə kifayət qədər materiallar dərc edilir. Həqiqətən də bu gün Ermənistan-Azərbaycan sərhədində qızğın döyüşlər gedir. Bu döyüşlərlə Azərbaycan Ermənistana sonuncu dəfə xəbərdarlıq edir ki, istənilən halda biz sizi məhv etməyə qadirik. İstənilən halda beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan Ermənistana güc tətbiq edə bilər. Azərbaycan məqam düşən kimi cəbhə xəttində Ermənistan qarşısında öz üstünlüyünü nümayiş etdirir. Bu bir xəbərdarlıqdır ki, Ermənistan tərəfi Dağlıq Qarabağı geri qaytarmasa, Azərbaycan hərbi əməliyyatlara başlayacaq. Cəbhə xəttində baş verənlər məhz irimiqyaslı hərbi əməliyyatların anonsudur". Münaqişənin nizamlanması prosesində Rusiya amilinə toxunan A.Nağı bildirdi ki, Qarabağ problemində Rusiya amilinin şişirdilməsinə ehtiyac yoxdur. Rusiya məsələdə ciddi amildir, amma qarşısıalınmaz deyil. QAT sədrinin sözlərinə görə, Rusiya bu gün Ermənistan-Azərbaycan müharibəsinə girməyə maraqlı deyil. Çünki Rusiyanın müharibəyə müdaxiləsi təkcə Azərbaycana yox, həm də Türkiyəyə qarşı çıxmaq deməkdir: "Türkiyə ikinci müharibədə Azərbaycanın yanında olacaq. Rusiya isə Türkiyə ilə münasibətləri korlamaq istəmir. Rusiyanın həmçinin Azərbaycanda da maraqları var. Rusiya bu amilə görə də müharibədə açıq şəkildə Ermənistana kömək edib Azərbaycanla münasibətləri korlamaq istəməyəcək. O cümlədən Ermənistan 10 il bundan əvvəlki kimi Rusiyanı maraqlandırmır. Hal-hazırda Rusiya-Azərbaycan əlaqələrində də elə bir problem yoxdur. Ermənistanla müqayisədə Azərbaycan Rusiya üçün əsas tərəfdaş ola bilər. Federasiyadan müharibə başlayacağı halda Rusiyanın döyüşlərdə loyal qalacağı ilə əlaqədar informasiylar gəlir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00