“Yenicə dinə qədəm qoymuş gənclər şəhidlikdən başqa bir fəlsəfə öyrənmək istəmirlər”
Tahir Abbaslı: “Azərbaycandan olan gənclərin Suriyaya getmələri bir daha göstərir ki, bu bir dini olay deyil, siyasi məqsədlər üçün hesablanmış hərəkətdir”
28 Yanvar 2014 15:43 Siyasət"Qarabağ məsələsində dövlət qərar çıxararsa hər bir vətandaş kimi, dindarlar da bu prosesdə iştirak edib döyüşməyə məhkumdurlar"
Son vaxtlar Azərbaycanda intihar halı kimi mənfi tendensiya müşahidə edilir. Xüsusilə gənclər arasında daha çox qeydə alınan intihar hallarının hansı səbəbdən baş verdiyi, insanın hansı səbəbdən bu vasitəyə əl atdığı günümüz üçün aktual olaraq qalır. İslam dinində də intihar etmənin günah sayıldığını nəzərə alsaq insanların nə üçün bu günahı işlətmələri olduqca maraqlıdır. Bütün bunlara aydınlıq gətirmək üçün İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətləşdik.
-Tahir bəy, son günlər ölkədə intihar halları artıb. Xüsusilə, gənclər bu kimi neqativ hallara əl atır. Sizcə, gənclərin belə bir addım atmasının səbəbi nədir? Ümumiyyətlə intihar etmək dini nöqteyi nəzərdən nə dərəcədə doğrudur?
-Bismillahir-rəhmanir-rahim. Dinimiz birmənalı olaraq intiharı qəbul etmir. Hətta Allaha qarşı üsyan hesab edir. İntiharların olması və artması müxtəlif səbəblərdən olur. Başlıca səbəbləri; dinsizlikdən irəli gəlir. Həmçinin valideyinlər uşaqlarını böyüdərkən onlara yetərincə vaxt ayırmırlar. Eləcə də bu kimi insanların əhatə dairəsinin qeyri sağlam olması, ümüdsilik və s. kimi mənfi hallar intihara gətirib çıxarır. İndiki gənclik sosial şəbəkələrin, televiziyaların, dini və ictimai-siyasi qurumların təsirindən (gübrə verilmiş meyvə-tərəvəz kimi) əvvəl yetişirlər. Bu da nəticə etibarilə ona səbəb olur ki, gənclik hazır olmadıqları duruma düşərək, qaranlıqlara düçar olurlar. Çıxış yollarını tapa bilməyən belə gənclik valideyinlərindən və əhatə dairəsindən yardım ala bilmirlər . Onlar ya eqoizmə uğrayır, heç kimlə yola getmir, ya da hər şeydən bezib intihar edirlər.
-Bu günlərdə cinsi azlıqların nümayəndəsi kimi tanınan İsa Şahmarlının dəfni zamanı yaşanan insdenti necə dəyərləndirirsiniz. Bu cür insanların müsəlman qəbirstanlığında dəfn edilməsinin əleyhinə çıxanlar sizcə dini nöqteyi nəzərdən doğru mövqedədirlərmi?
-Belə hadislər bir növ cəmiyyətin dini bilgilərinin yetərincə olmamasından irəli gəlir. Dünyasını dəyişən hər kəs inancından, naqisliyindən, qeyri-sağlam həyat tərzindən asılı olmayaraq torpağa tapşırılmalıdır. Amma necə dəfn olunmasına Qazı hökm verməlidir. Hazırda belə məsələlərə Qafqaz Müsəlmanları İdarəsinin fətvası lazım idi.
-Bir neçə gün əvvəl isə cin çıxarma mövzusu cəmiyyətin başını qarışdırdı. Dini baxımdan bunu necə izah edərdiniz və sözügedən olay nə dərəcədə həqiqəti əks etdirir?
-Dinimiz belə halların olmasını təkzib etmir. Belə hallar zaman-zaman olub və bu gün də var. Amma bu hadisələrin davamlı olaraq televiziya kameralarının qarşısında aşkar edilməsinin nə dərəcədə doğru olduğunu deyə bilmərəm.
-Azərbaycandan bir qrup din xadiminin cihad adı ilə Suriyaya döyüşə getməsini necə qarşılayırsınız? Bunu həqiqətən cihad adlandırmaq olarmı?
-Allah hidayət eləsin!. Açıqlamalarım və müsahibələrimdə cihad haqqında qərarı ancaq və ancaq Allahın Elçisi verə bilər demişdim. Hətta imamlarımız cihad məsələsinə qol qoymayıblar. Dinimizin dərinliklərinə girməyənlərin və onun fəlsəfi baxışlarını bilməyənlərin cihadla bağlı fikirlərini və "mübarizə"lərini düzgün saymıram. Yenicə dinə qədəm qoymuş gənclər sanki şəhidlikdən başqa bir fəlsəfə öyrənmək istəmirlər və İslamı cərrahlıq (qəssablıq) məktəbi kimi qəbul və təqdim edirlər. Əslində vətandaşlarımız insanın dünyaya gəlməsində əsas hədəfin Allahı tanımaq olduğunu başa düşməlidirlər. Yəni dindarlar dinimizin necə elmi, müasir, sivil, həlim (mülayim), düşündürücü və demokrattik olduğunu araşdırıb, təhlil edib, öz həyat və fəaliyyətləri ilə tədbiqləyib cəmiyyətə təqdim etməlidirlər. Konkret olaraq Azərbaycandan olan gənclərin Suriyaya getmələri bir daha göstərir ki, bu bir dini olay deyil, siyasi məqsədlər üçün hesablanmış hərəkətdir. Burada bir neçə məqsəd var ki, biri də dinimizin tam əks qütbdə; zorakı, ədalətsiz, düşüncəsiz, qorxulu, təhlükəli, geridə qalmış və s. kimi tanıdılmasıdır.
-Konkret olaraq azərbaycanlıların 20 faiz torpaqlarımızın işğal altında olduğu bir vaxtda Suriyada gedib vuruşmasını necə xarakterizə edərdiniz?
-Yaxşı hal hesab etmirəm. Dinimizi kimlərinsə siyasi məqsədləri üçün fəda etməsini faciə hesab edirəm. Peyğəmbərimizdən (s) hədis var: "Vətəni sevmək imandandır". Əgər kimsə bu hədisi yerinə yetirmirsə imansızdır və dinimizi gözəl şəkildə tanımayıb. Yaxud başa düşməyib. Bu o deməkdir ki, vətənimizi hər necə var qəbul edib ona və dövlətçiliyimizə sahib durmaq bizim müqəddəs borcumuzdur. Qarabağ məsələsində dövlət qərar çıxararsa hər bir vətandaş kimi, dindarlar da bu prosesdə iştirak edib döyüşməyə məhkumdurlar. İnsanların dindar olması onu vətən və dövlət sevgisindən məhrum etməməlidir. Əksinə imanla onun yolunda şəhid olmağa şəxəsn özü qərar verməlidir.
Süleyman İsmayılbəyli