“Qərb Rusiyanı Ukrayna ilə vuracaq” - FİKİR
Vəfa Quluzadə: “Müttəfiqlər Rusiyanın yenidən bu cür avantüralara qoşulmasına çalışırlar”
28 Yanvar 2014 13:06 SiyasətPolitoloq Vəfa Quluzadə Moldova təcrübəsinin Rusiya tərəfindən Ukrayna üzərində sınaqdan keçirilməsi ilə bağlı yayılan məlumatlara "Olaylar" vasitəsilə aydınlıq gətirdi. V.Quluzadə bildirdi ki, Ukrayna üçün Rusiyanın belə bir addımı təkrarlaması mümkündür. Rusiyanın işğalçılıqla bağlı cinayətlərinin sayı bilinmir. Politoloq hesab edir ki, Rusiyanın iqtisadi rıçaqları olmadığına görə, həmişə əsgəri güclərini qabağa verərək işğalçılıq amilindən istifadə edir. Gürcüstanın vaxtilə demokratik yolla inkişaf yolunu seçdiyini deyən V.Quluzadənin sözlərinə görə, Mixail Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstan NATO və Avropaya inteqrasiya yoluna üstünlük verdi. Politoloq qeyd etdi ki, bu Rusiyanın maraqlarına uyğun olmadığı üçün Abxaziya və Osetiya rus ordusu tərəfindən işğal edildi: "Moldovanın Dnestryanı əraziləri, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları da Rusiyanın işğalçılıq planlarına məruz qaldı. Rusiyadan istənilən addımı gözləmək olar. Qərb ciddi şəkildə Rusiyanın qarşısına çıxsa, onu dayandırmaq mümkün olacaq. Əgər bu Qərbin maraqlarına uyğun olmasa, Rusiya planlarına davam edəcək. Qərb heç bir təpki göstərməsə, Ukraynanın Şərq hissəsi Rusiya tərəfindən işğal ediləcək. Moldova təcrübəsinin Ukrayna üzərində sınanılması bu çərçivədə mümkün ola bilər". Ukraynadakı gərgin proseslərin ölkənin parçalanması istiqamətində inkişaf etməsi məsələsinə toxunan Vəfa Quluzadə vurğuladı ki, Ukraynanın parçalanması Kremlin maraqlarını əks etdirsə, bu ölkə Rusiya ordusu tərəfindən parçalanacaq. Ukraynanın tamamilə əldə çıxması vəziyyətində Rusiya parçalamaq planını işə salacaq. Politoloq hesab edir ki, Şərqi Ukrayna bu istiqamətdə Rusiyanın maraqlarını tam əks etdirir: "Lakin Moskva başa düşməlidir ki, bu cür addımlar vaxtilə SSRİ-nin dağılmasına səbəb olub. Rusiya Qərblə əsgəri uzalaqşmalara, əlaqələrə getmədi. Bunun əvəzində federasiya nüvə silahı əldə etməyə çalışdı və Qərblə mübarizəyə girişdi. Son nəticədə isə Rusiya Qərbə məğlub oldu və Sovet İttifaqı parçalandı. Qərb Rusiyanın yenidən bu cür avantüralara qoşulmasını istəyir. Çünki Rusiyanın atacağı addımlar sonda onun dağılması ilə nəticələnəcək. Rusiya Federasiyasının çökməsi məsələsi daxildə müzakirə olunan əsas mövzudur. Müxtəlif rus telekanallarında bununla bağlı kifayət qədər proqramlar yayımlanır". ("OLAYLAR" İA)