Ukraynanı Suriyanın aqibəti gözləyə bilər - MİLLƏT VƏKİLİ

Zahid Oruc: “Coğrafi toqquşma və parçalanma hamının qorxulu röyası kimi reallığa çevriləcək”

Son günlər Ukraynada baş verən proseslər dünyanın diqqətini yenidən bu ölkəyə yönəldib.  "Narıncı inqilab" beşiyi kimi tanınan Kiyevdə bu dəfə hakimiyyət uğrunda gedən mübarizədə həlledici zərbənin kim vuracağı indi çoxlarını maraqlandırır. Qərb hər vasitə ilə Ukraynada cərəyan edən proseslərdən Avropapərəstlərin qalib ayrılmasını istəyirsə, Kreml də bir o qədər prezident Viktor Yanukoviçin Meydanı qalib durumda tərk etməsini arzulayır. Hələlik isə Ukraynada cərəyan edən hadisələr proseslərin Moskvanın ziyanına yekunlaşacağını söyləməyə əsas verir. Bəs görəsən, Uktaynanın taleyi necə olacaq və bu mübarizədən Qərb, yoxsa Rusiya qalib ayrılacaq? 

Millət vəkili Zahid Oruc deyir ki, bu suala cavab vermək o qədər də çətin deyil: "Dövlət orqanlarının administrativ binalarının üsyançılar tərəfindən ələ keçirilməsi,yaxud Maydanda qətlə yetirilən 5 nəfərin Yanukoviç iqtidarına qarşı ümumxalq qəzəbinin simvoluna çevrilməsi avtomatik güc nisbətini inqilabçı kütlənin xeyrinə dəyişmir. İndi Kiyev səmasını bürümüş qara tüstü bütün siyasi qüvvələrə odla oynamağın necə təhlükəli olduğunu göstərir. Baxmayaraq ki,ölkə məcmu halda 135 milyard dollar borcun altında inildəyir və hətta Kliçko meydan raundunu qələbə ilə başa vurub millətin çiyinlərinə çıxsa belə, qeyri-adi nəsə baş verməyəcək. O əlcəkləri ilə adamları yedizdirə bilməz. 46 milyonluq xalqı saxlamaq üçün peşəkar komanda və ağıllı siyasət lazımdır". Millət vəkilinin sözlərinə görə, Viktor Yanukoviç son qanunlarla ola bilsin ki, ikinci Putinə çevrilərək etirazçılarla sərt dildə danışmağa qərar vermişdi: "Axı mitinqçi kütlənin liderləri də konsensus tonunda danışmırdılar. İndi birinci gülləni kimin atması o qədər də önəmli deyil". Zahid Oruc hesab edir ki, Ukraynanı Suriyanın aqibəti gözləyə bilər: "Vətəndaş müharibəsinin simptomları ortadadır.  Rusiyadan səslər eşidilir ki, verilmiş 3 milyard dollardan sonrakı partiya kəsilə bilər. Çünki onların qayıdacağına və hazırki qüvvənin duruş gətiricəyinə ümidlər xeyli azalıb. Əgər xarici yardımlar kəsilsə, ac kütllə qılınca çapacaq. Avrointeqrasiya tələbi ilə küçəyə çıxıb indi "istefa" qışqıranlar sonradan bolşeviklər kimi sərvət və mülk sahiblərinə qarşı diversiyalara, sabotaja əl atacaqlar. Yaşamaq uğrunda keçmişdəki Qolodomor faciəsi XXI əsrin Ukraynasının da qapısını kəsdirib. Onda sovet rejimini qınayırdılar, indi məsuliyyəti kimin üstünə atacaqlar?". Millət vəkilinin qənaətincə Birləşmiş Ştatlar da fəal müdaxiləsini işə salıb: "Mitinqi səfərbər edən agentura mərkəzləri və təsir qrupları içərisində peşəkar casus kadrları var. Ukrayna parlamentarisi onların konkret adlarını mediaya çıxarıb. Oyun kifayət qədər açıq gedir. Soçi Olimpiadasının təhükəsizliyi adı ilə Qara dənizə Birləşmiş Ştatların iki hərbi gəmisi gətirlir. Onsuz da orada Qərbin nüfuz dairəsi kifayət qədər yüksək idi. İndi üstünə yeniləri əlavə olunur. Belə görünür ki, silahlı qarşıdurma perspektivi istisna edilmir. Lakin hazırki anda fəal xarici müdaxilə baş verməyibsə, vasitəçilik missiyasında bulunacaq obyektiv beynəlxalq arbitr yoxdursa, bu fonda mövqe savaşları hələ bir müddət davam edəcək. Biznes-liderlərin və şərqi Ukraynanın sükut mövqeyi isə deyəsən pozulmaq ərəfəsindədir. Avropada bir sıra məmurlara tətbiq olunan sanksiya rejimi işə düşən kimi Rusiya 5-ci kolonu hərəkətə keçirib."Əgər rəsmi orqanlar ölkədə sabitlik yarada bilmirsə,xalq özü irəliyə çıxıb kütləvi iğtişaşların qarşısını almalıdır. Biz artıq könüllü özünümüdafiə batalyonları formalaşdırmağa başlamışıq" deyən "Rus bloku" partiyasının başçısı Gennadi Basov antimaydan əleyhinə ən təsirli tədbir kimi fövqəladə vəziyyətin elan olunmasını və komendant saatına keçilməsini tələb edir. Şübhə yoxdur ki, artıq qərbi Ukrayna bölgələrində inqilabçıların tərəfinə keçən xalqı görən Viktor Yanukoviç son silahına əl atacaq. Coğrafi toqquşma və parçalanma hamının qorxulu röyası kimi reallığa çevriləcəkdir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00