“Eldar Namazovun işi həmişə “papka” daşımaq olub” - AÇIQLAMA
Elşən Musayev: “Nə Əli Kərimli, nə İsa Qəmbər, nə də ki, Eldar Namazov bundan sonra heç nəyi dəyişə bilməyəcəklər”
27 Yanvar 2014 14:33 SiyasətDemokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "EL" Hərəkatının sədri Eldar Namazovun Milli Şuradan çıxmasına münasibət bildirib. E.Musayev qeyd edib ki, Eldar Namazovun Milli Şuradakı varlığı Rüstəm İbrahimbəyovun qurumdakı fəaliyyətində asılı idi. R.İbrahimbəyov Milli Şurada söz sahibi olana qədər E.Namazov da özünü göstərə bilirdi. E.Musayev hesab edir ki, "EL" sədrinin qurumda heç vaxt nüfuzu olmayıb. Partiya sədrinin dediyinə görə, E.Namazovun işi həmişə ya "papka" daşımaq, ya mirzəlik, ya da ki, kiminsə arxasınca hərlənmək olub. Bəlli dövrə qədər Milli Şurada da eyni vəzifəni icra edirdi: "Divin canı şüşədə olduğu kimi E.Namazovun varlığı da R.İbrahimbəyovdan asılı idi. Milli Şurada təmsil olunan partiyalar da etiraf edirdilər ki, E.Namazov aktiv deyil. "EL" sədri ümumiyyətlə qurumun işlərinə qarışmırdı. Bu adam müxalifətin içərisinə ya Ziyalılar Forumu, ya "EL" Hərəkatı, ya da ki, Milli Şura ilə gəldiyi bilinmir. Ölü doğulmuş qurumdan kimin qalıb qalmamağı heç nəyi dəyişmir. İsa Qəmbərin getməsindən sonra qurumdakı gərginlik dəyişmədi. Namazovun Milli Şuradan çıxması eyni qəbildən olan məsələdir. Çünki sıfırla aparılan riyazi əməliyyatların sonunda alınan nəticə elə 0 olacaq. İndən sonra da Milli Şurada nəyisə dəyişmək mümkün deyil. Bir dəfə satan adamın həmişə satmaq aludəçiliyi olur. Eldar Namazov indiki hakimiyyətin üzə çıxardığı adam idi. İqtidarın hesabına o E.Namazov kimi tanınıb. Bu cür adamlar tez-tez təşkilat dəyişirlər. Lakin həmişə uduzurlar. Çünki məğlubiyyət E.Namazovun alnına yazılıb. Ümid bəzən sonda ölmür. Ölü doğulan ümidlər də olur. Milli Şura da ölü doğulmuş qurum idi. Nə Əli Kərimli, nə İsa Qəmbər, nə də ki, Eldar Namazov indən sonra heç nəyi dəyişə bilməyəcəklər". ("OLAYLAR" İA)