Nizami Cəfərov: "Bizim bəzi "hüquq müdafiəçiləri" beynəlxalq təşkilatlara xoş görünməkdən ötəri belə qəribə siyahılar tərtib edirlər"
24 Yanvar 2014 17:31 Siyasət"Kiminsə özünü siyasi məhbus adlandırıb-adlandırmamağından və yaxud bizim mətbuatımızın, hüquq müdafiəçilərinin adlandırıb-adlandırmamağından asılı olmayaraq, mən düşünürəm ki, Azərbaycanda siyasi məhbus yoxdur". Bu sözləri Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, professor Nizami Cəfərov Leyla Yunusun mətbuat konfransında Azərbaycanda siyasi məhbusların olması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Leyla Yunus həmişə belə hesabatlarla çıxış edir və bu, yeni bir hadisə deyil. "Azərbaycanda siyasi düşüncəsinə, mənsubiyyətinə, mövqeyinə görə, çox müxtəlif insanlar var ki, hamısı da sərbəst şəkildə öz mübarizəsini aparır. Təbiidir ki, nə hökumət, nə dövlət bu məsələ ilə bağlı məhdudlaşdırıcı tədbir görmür. Hər kəs sözünü deməkdə, fikrini ifadə etməkdə, mövqeyini bildirməkdə azaddır. Bu konstitusiya ilə də təmin olunur, praktik olaraq da təmin olunur", - o əlavə edib. Millət vəkili deyib ki, cinayətkarla siyasətçini ayırmaq lazımdır. O, hesab edir ki, siyasətlə məşğul olmaq ayrı bir şeydir. Bir də var iğtişaşlara təhrik eləmək, cəmiyyətdə hansısa qüvvələri, ya hakimiyyəti, ya da ki hakimiyyətdəki qüvvələri və ya özünə düşmən hesab etdiyi qüvvələri təhqir eləmək ola bilməz. "Əgər biz demokratik cəmiyyətdə yaşayırıqsa, özümüzə, öz fikrimizə hörmət elədiyimiz kimi, başqalarının da fikrinə, mövqeyinə hörmət eləməliyik. Əgər sən cəmiyyətidəki harmoniyanı fiziki şəkildə pozmağa cəhd edirsənsə, hansısa maliyyə fırıldaqlarında iştirak edirsənsə, üsyana, disharmoniyaya çağırışlar edirlərsə, əlbəttə, birmənalı şəkildə cinayət məsuliyyəti daşıyırsan. Əgər mən hansısa cinayət hərəkəti edəcəmsə, ondan sonra elan edəcəm ki, siyasi mövqeyimə görə həbs olunmuşam, bu, artıq konyekturadır. Az-çox düşüncəli adam bunu yaxşı bilir", - N.Cəfərov vurğulayıb. Heç kimin məhkəməsiz həbs edilmədiyini deyən millət vəkili əlavə edib ki, mütləq ittiham irəli sürülən şəxslərin günahı məhkəmədə sübuta yetirilir.
"Əgər həbs olunan insanların tərcümeyi-halına baxsanız, görərsiniz ki, onlar bir neçə dəfə həmin cinayət əməlini törədiblər, hər dəfə bağışlanıblar, yenə də həmin əməlləri törədiblər. Bizim bəzi "hüquq müdafiəçiləri" beynəlxalq təşkilatlara xoş görünməkdən ötəri belə qəribə siyahılar tərtib edirlər. Bu, bir zamanlar beynəlxalq təşkilatlarda ciddi qəbul olunurdu, ancaq indi elə də ciddi qəbul olunmur. Burada heç də söhbət həqiqətin və haqqın müdafiəsindən getmir. Daha çox öz maraqlarını ifadə etmək üçün belə bir şəbəkə yaradıblar", - millət vəkili deyib.