“Leyla Yunusun elan etdiyi siyahının dəqiqliyi böyük şübhə doğurur”

"Sülh və Demokratiya İnstitutu" qeyri-hökumət təşkilatının rəhbəri Leyla Yunus Azərbaycanda 134 "siyasi məhbusun" olduğunu elan edib. "OLAYLAR"-ın xəbərinə görə, məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası iyasi Şurasının üzvü, millət vəkili Aydın Mizəzadə deyib ki, Leyla Yunusun siyasi məhbuslarla bağlı elan etdiyi siyahının dəqiqliyi böyük şübhə doğurur: "100-dən çox insan barəsində məlumat toplamaq və sistemləşdirmək bir insanın gücündə deyil. Digər tərəfdən Leyla Yunusun bunu hansı kollektivlə və nə dərəcədə professional hüquqşünaslara tərtib etdiyi də məlum deyildir və o bunu hüç zaman açıqlamır. Onun siyasi məhbus elan etdiyi insanların hansı hüquqi əsasa görə siyasi məhbus və vicdan məhbusu hesab edilməsinin özü də kifayət qədər mübahisəli məsələdir. Çünki, siyasi məhbus əqidəsinə, vicdan məhbusu isə dini baxışlarına görə həbsdə olan insanlar sayılır. Azərbaycanda isə hələ heç kim bu iki motivə görə həbs edilməyib. Ona görə də ilk baxışdan onun iddiası əsassız hesab edilir. Bundan əvvəl də Leyla Yunus müəyyən siyahı tərtib etmək üçün cəhd edirdi. Sonradan isə məlum oldu ki, bu siyahılar onun öz təşəbbüsü ilə deyil, Avropanın bəzi ölkələrini və maliyyə mənbələri şübhəli olan müəyyən fondların maliyyə sifarişi ilə tərtib olunub. Göründüyü kimi, bu artıq insanların hüququnun müdafiəsi deyil, xaricdən verilən qrantın qorunmasının müdafiəsidir". Aydın Mirzəzadənin sözlərinə görə, bir qayda olaraq Leyla Yunusun tərtib etdiyi siyahılar digər insan hüquqlarının müdafiəsi təşkilatların nümayəndələri tərəfindən etirazla qarşılanır: "Onlar bu siyahının subyektiv amillər əsasında, siyasi maraqlara görə tərtib edildiyini bildirirlər. Xanım Yunus isə bu ittihamların heç birinə cavab vermir. Çünki, polemikaya, şəxsi iddialarını əsaslı arqumentlərlə müdafiə etməyə hazır deyildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00