“2014-cü ildə hərbi toqquşmadan yayınmaq çətin olacaq” - POLİTOLOQ

Mübariz Əhmədoğlu: “Azərbaycanın irimiqyaslı qələbə qazanacağı şübhəsizdir”

Son bir neçə gündə Azərbaycanın Ermənistanla sərhəddə yerləşən kəndlərində şiddətli atışmalar gedir. Müdafiə nazirliyin açıqlamasına görə, hərbçilərimiz ermənilərin 7 hərbçisini məhv ediblər. Demək olar ki, təmas xəttində atəşkəsin  pozulması xəbərlərini hər gün eşidirik. Amma bu cür şiddətli atışmalar baş vermirdi. Ümumilikdə götürsək 2014-cü il başlayandan cəbhə xəttində hərbi əməliyyatlar daha da şiddətlənib. Müharibə baş verəcək? Məsələ ilə bağlı politoloq Mübariz Əhmədoğlu fikirlərini "OLAYLAR"a bildirib. Politoloq qeyd edib ki, ilin başlanğıcı ancaq hərbi proseslərlə xarakterizə olunur. Politoloqun sözlərinə görə, bu günə qədər siyasi xarakterli yalnız bir informasiya var ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Yəni, dinc xarakterli hadisələrlə bağlı cəmi bir informasiya var. Mübariz Əhmədoğlu 2014-cü ilin əvvəlindən etibarən hərbi ilə əlaqədar olan hadisələri xatırladıb: "2014-cü il başlayandan məlumat verilir ki, müdafiə naziri Naxçıvana səfər etdi, Ermənistanla sərhəddə yerləşən hərbi hissələrə baş çəkdi, müdafiə nazirinin müavini qoşunların təmas xəttində yerləşən hərbi hissələri yoxladı, müdafiə naziri daha sonra Gəncəyə getdi, Türkiyədən Azərbaycana hərbçilər səfər etdilər, səfər zamanı hərbi əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycanın nümayəndə heyəti Türkiyəyə səfər etdi və Türkiyədən tank əleyhinə idarə olunan raketlərin alınması ilə bağlı danışıqlar başladı, daha sonra müdafiə naziri Fransaya səfər etdi, Fransa ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalandı, Azərbaycan prezidenti NATO-nun Baş katibi ilə görüşdü". Mübariz Əhmədoğlu vurğulayıb ki, bundan başqa erməni mətbuatı yazır ki, ilin əvvəlindən başlayaraq Azərbaycan hərbçiləri qoşunların təmas xəttində və Ermənistan - Azərbaycan sərhədində xeyli aktivləşiblər.

Hadisələrin gedişatından görünür ki, il hərbi proseslərlə başlayıb və 2014-cü ildə hərbi toqquşmadan yayınmaq çox çətin olacaq.

Mübariz Əhmədoğlu eyni zamanda hərbi toqquşmanın qarşısının alınmasının da mümkün ola biləcəyini diqqətə çatdırıb: "Ancaq Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu tənzimlənməsində ciddi bir addım atarsa, Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ciddi bir səy göstərsələr, o zaman ola bilər ki, hərbi toqquşma baş verməsin. Amma hadisələrin gedişatı hərbi toqquşmanın baş verə biləcəyindən xəbər verir. Hərbi toqquşmada daha bir məsələ ondan ibarətdir ki, Ermənistan prezidenti Sarkisyan maraqlıdır ki, hərbi vəziyyət gərgin olsun, çünki Ermənistanın özündə vəziyyət olduqca gərgindir, etirazlar davam edir, etiraza qoşulan insanların sayı da durmadan artmaqdadır. Ona görə də Sarkisyan bununla Ermənistanda mitinq əhval-ruhiyyəsini öldürməyə çalışır".  Əgər hərbi toqquşma baş verərsə belə Azərbaycanın irimiqyaslı qələbə qazanacağı şübhəsizdir.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00