Ermənistan layiqli cəzasını alacaq
24 Yanvar 2014 11:39 Siyasət"Görünən odur ki, Ermənistan hələ də sivil, silahsız, dinc insanlara qarşı insanlıqdan kənar, vəhşi cinayətlərindən əl çəkmək niyyətində deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva son günlər Tovuzda atəşkəsin müntəzəm olaraq pozulmasına münasibət bildirərkən səsləndirib. Bildirib ki, ermənilər 2 gündür Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq sivil, dinc insanları hədəfə alırlar: "Bir az öncə də yenə atəşkəsi pozublar. Amma Tovuz rayonu istiqamətində ön cəbhəmizi qoruyan hərbiçilərimiz onların bütün təxribati əməllərinə layiqli cavab vermək gücündədir və verirlər". Millət vəkili ermənilərin atəş açması nəticəsində yaralanan Əlibəyli kənd sakini Ruhiyyə Hüseynova ilə telefon əlaqəsi yaratdığını da deyib: "Qəlpələr hər iki ayağını və diz qapağını ciddi zədələyib. Yaşadıqlarının şokundan yavaş-yavaş özünə gəlməyə başlayır. Allah onu əzizlərinə və sevənlərinə bağışlayıb və ailəni gözyaşlı qoymayıb". Qənirə Paşayva əmin olduğunu bildirib ki, dinc insanlara bu cür acılar yaşadan və torpaqlarımızı işğal edərək 1 milyon insanımızın evinə dönməsinə imkan verməyən Ermənistan tezliklə layiqli cəzasını alar: "Mütləq alacaq şəxsən mən buna əminəm. Amma onlara daha da ağır cəza Yaradanın verəcəyi cəza olacaq ki, bunu da artıq görürük. Bir özləri görə bilmirlər amma görəcəklər. Günahsız insanların qanı və ahı yerdə qala bilməz və qalmayacaq inşallah". Millət vəkili həmsədrlərin fəaliyyətsizliyinə də toxunub: "ATƏT-in Minck qrupu həmsədrlərindən isə inanmıram ki, bir səs çıxsın. Onlar heç zaman işğalçı Ermənistana ciddi təzyiqlər etmədilər. Etsəydilər bu gün insanlar belə acılar yaşamazdılar. Amma inşallah biz özümüz bir dövlət və millət olaraq torraqlarımızı işğaldan azad edəcəyik. Bu istiqamətdə hamımız birlik, bərabərlik içində daha da çox çalışmalıyıq".