AXCP –Müsavat arasındakı münaqişə onların çökməsinə gətirib çıxaracaq
Mais Səfərli: “Artıq bu partiyalar bir-birlərinə qarşı “ağır artireleriya”dan atəş açırlar”
23 Yanvar 2014 17:24 SiyasətMüsavat Partiyasının Milli Şuranı tərk etməsi siyasi dairələrdə qalmaqalla müşahidə olunub. Belə ki, qurumda təmsil olunan AXCP keçmiş müttəfiqinin bu addımını xəyanət kimi qiymətləndirərək onu hakimiyyətə "işləməkdə" ittiham edib. Müxalifət düşərgəsində baş verən proseslərə Yerddaş Partiyasının sədri Mais Səfərli aydınlıq gətirir.
- Mais bəy, necə hesab edirsiniz Müsavat Partiyasının Milli Şuranı tərk etməsi əvvəlcədən planlaşdırılmış addım idi, yoxsa məqsədli siyasi gediş?
- Bu məsələyə aydınlıq gətirmək üçün Milli Şuranın yaranma ərəfəsində baş verən proseslərə nəzər yetirmək kifayətdir. Milli Şuranın yaranması ərəfəsində müxalifətdə belə bir fikir var idi ki, prezident seçkilərində vahid namizədlə çıxış etsinlər. Onların tərəfdarları da bu fikirdə idilər ki, nəhayət müxalifət seçkilərə vahid namizədlə qatılmalıdır. Amma Müsavat başqanı İsa Qənbər bu fikirlərə rəğmən oz namizədliyini irəli sürdü. Müsavat başqanı belə bir məqsəd güdürdü ki, artıq müxalifət fakt qarşısında qalacaq və zorən onun namizədliyini dəstəkləyəcək. Sonradan Milli Şura yaradıldı və bu quruma Rüstəm İbrahimbəyov sədrlik etdi və onun namizədliyi məsələsi ortaya çıxdı. Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına razılıq verilsə də, Müsavat başqanı çox gözəl bilirdi ki, o, Azərbaycan vətəndaşı deyil və onun prezident seçkilərinə qatılmaq ehtimalı sıfıra bərabərdir. Belə halda İsa Qəmbər düşünürdü ki, müxalifət yeni vahid namizəd axtarışında bulunanda əziyyət çəkmədən onun namizədliyini dəstəkləyəcək. Lakin proseslər başqa istiqamətdə getdi. Çox güman ki, Rüstəm İbrahimbəyov İsa Qəmbərin namizədliyini dəstəkləməmişdi, ona görə də heç kimin gözləmədiyi halda Cəmil Həsənlinin namizədliyini müdafiə etdi. Beləliklə də Rüstəm İbrahimbəyov Müsavat başqanının incik saldı. Çünki, İsa Qəmbər hesab edirdi ki, öz namizədliyini xeyli əvvəl irəli sürməklə Milli Şuranı fakt qarşısında qoyacaq. Amma bu faktla heç kim hesablaşmadı. İsa Qəmbər və onun partiyası məcburən Cəmil Həsənlinin namizədliyi ilə razılaşdı, lakin öz içlərində Rüstəm İbrahimbəyova qarşı olan neqativ hallar daha da güclənməyə başladı. Elə fürsət düşən kimi də ona qarşı kampaniyaya başladılar. Müsavat hələ o andan Milli Şuranı tərk etmək qərarına gəlmişdi. Elə hesab edirdi ki, Milli Şura Müsavatın nəzarətindən kənardadır, Cəmil Həsənli isə cəbhəyönlü bir şəxsdir, Milli Şura da fəaliyyətində AXCP-nin maraqlarının ifadəçisi olacaq. Nəhayət Müsavat Milli Şuranı tərk etdi və bununla həmin qurumda toplaşan partiyaları çox ciddi şəkildə silkələdi. Həmçinin AXCP ilə çox ciddi münaqişə başladı və bu münaqişə indi də davam edir.
- Sizcə AXCP ilə Müsavat Partiyası arasında olan münaqişənin səbəbi təkcə MP-nin Milli Şuranı tərk etməsidir?
- Əslində bu münaqişə heç də yeni deyil, yəni bu partiyaların Milli Şuradakı fəaliyyəti ilə bağlı deyil. Ümumilikdə Müsavat-AXCP arasındakı ziddiyyətin bizim çağdaş tariximiz qədər dövrü var. Məlum olduğu kimi hələ AXC hakimiyyətə gəldiyi zaman İsa Qəmbər Müsavat Partiyasını formalaşdırmağa başlamışdı. İsa Qəmbər o zaman Müsavat Partiyasını inkişaf etdirmək üçün hakimiyyətdəki resurslarından geniş şəkildə istifadə edirdi. Məlum olduğu kimi o, Əbülfəz Elçibəydən xeyli əvvəl hakimiyyətə gəlmişdi və bir müddət də prezidentin səlahiyyətlərini icra etdi. Təbii ki, öz nüfuzu və vəzifəsindən istifadə edərək Müsavat Partiyasını aktiv şəkildə formalaşdırmaqla məşğul idi. Bu isə o zaman hakimiyyətdə olan Elçibəyçilərin heç də ürəyincə deyildi. Çünki İsa Qəmbər o partiyanı əsasən AXC üzvləri hesabına foprmalaşdırırdı. Açığını desək bu hərəkət heç Elçibəyin də ürəyincə deyildi. Hələ o zaman bu məsələ ətrafında onlar arasında bir çat yarandı və bu çat getdikcə dərinləşdi, böyük bir ziddiyyətə, uçuruma çevrildi. Bəlkə də o zaman onların hakimiyyətinin zəifləməsinin, süqutunun əsas səbəblərindən biri də məhz partiyalar arasındakı münasibətlərin kəskinləşməsi oldu. AXC partiyaya çevriləndən sonra bu ziddiyyətlər daha da dərinləşdi. Ötən müddət ərzində həmin ziddiyyətlər demək olar ki, barışmaz xarakter alıb. Sadəcə zamanın müəyyən dövründə onlar mövcud ziddiyyətləri ört-basdır edirdilər, mübarizəni gizli şəkildə aparırdılar. Amma həmin ziddiyyətlər partiyaların qərarlarında özünü büruzə verirdi. Bəzən bu mübarizə açıq savaşa çevrilirdi, bəzən isə ümumi məqsədlər naminə razılığa gəlirdilər. Məqamı gəldikdə isə münaqişə yenidən alovlanmağa başlayırdı. Proses indi də eyni formada davam edir. İndiki münaqişəni ötən 20 il ərzində gedən ən böyük savaş adlandırmaq olar. Artıq bu partiyalar mətbuat və informasiya resurslarından, söz imkanlarından istifadə edərək bir-birlərinə qarşı sanki ağır artireliyadan atəş açırlar. Təbii ki, bu həmin partiyaların daha da zəifləməsinə gətirib çıxaracaq. Onsuz da hənin partiyalar son prezident seçkilərindən çox zəifləmiş şəkildə çıxdılar, xeyli tərəfdarlarını itirdilər. Bu münaqişə təbii ki, onların tərəfdarlarının daha da seyrəlməsinə və partiyaların çökməsinə gətirib çıxaracaq.
- Müsavatın Milli Şuranı tərk etməsinin 2015-ci il parlament seçkilərinə hesablandığı iddia edilir...
- Hesab edirəm ki, bu fikirdə müəyyən həqiqətlər var. Təbii ki, Müsavat hesab edir ki, seçkilərə təkbaşına getsələr parlamentdə müəyyən qədər yerlər qazana bilərlər. AXCP-nin iradı ondan ibarətdir ki, "Müsavat belə addım atmaqla hakimiyyətin xoşuna gəlmək istəyir və parlamentdə təmsil olunmağa çalışır". Amma Azərbaycan demokratik və hüquqi dövlət olduğundan hakimiyyət parlamentdə yerlərin bölüşdürülməsilə məşğul deyil. Rarlamentdə hansı partiyanın nə qədər yer tutması Azərbaycan xalqının və ceçicilərin iradəsindən asılıdır. Artıq Azərbaycanda demokratik seçki ənənəsi var. Bu hakimiyyətin iradəsindən asılı olan məsələ deyil. Əslində bu partiyalar bir-birlərini zəiflətmək üçün bütün mümkün vasitə və imkanlardan istifadə etməklə məşğuldurlar. Bu da ondan irəli gəlir ki, bu partiyalar 20 ildən artıqdır ki, müxalifətdədirlər və eyni şəxslər tərəfindən idarə olunurlar. Belə proseslərin baş verməsi isə həmin partiyalarda demokratiyanın olmamasından xəbər verir. Əgər bu partiyalarda demokratiya təmin olunsaydı, partiyadaxili demokratiya güclü olsaydı, davamlı şəkildə bütün seçkiləri uduza-uduza gələn eyni şəxslər həmin partyalara rəhbərlik etməzdilər. Onlar çoxdan nəinki liderlikdən, hətta siyasətdən gedərdilər. Hazırda bu partiyalarda ciddi islahatların aparılmasına və yenidən qurulmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, bu partiyalar yaranan zaman Kommunist Partiyası prinsiplərinə əsaslanıblar. Ona görə də bu partiyalar demokratik, hüquqi cəmiyyətin mənzərəsini təşkil edən siyasi partiyaya çevrilə bilmədilər. Heç kimə sirr deyil ki, bu partiyalar əsasən qurumun rəhbərliyində olan şəxslərin maraqları və ambisiyalarına xidmət edir. Nə qədər ki, bu partiyalarda islahat aparılmayıb, partiyadaxili demokratiya təmin edilməyib neqativ proseslər davam edəcək.
- Sözügedən partiyalar bir-birlərini hakimiyyətə "işləmək"də ittiham edirlər. Niyə bu partiyalar hakimiyyətlə əməkdaşlığa deyil, onun üçün işləməyə meyillidir?
- Bu gün hakimiyyətin hər hansı zəf siyasi qüvvələrin dəstəyinə ehtiyacı yoxdur. Hakimiyyətin başında İlham Əliyev kimi çox güclü bir şəxsiyyət dayanır. Onun parlaq, effektli fəaliyyəti Azərbaycanı dünyanın aparıcı, inkişaf edən dövlətləri sırasına gətirib çıxarıb. Bu baxımdan onun hansısa zəif qüvvələrə ehtiyacı qalmır. Çünki onu dəstəkləyən Azərbaycan xalqı var.
Alim