Azərbaycana qarşı növbəti qərəz

Aydın Mirzəzadə: “Ölkəmiz növbəti dəfə xarici QHT-nin böhtanı və saxtakarlığı ilə rastlaşır”

"Hansısa hadisəni yarımçıq, faktları saxtalaşdırmaqla təqdim etmək artıq "Human Rights Watch"un adi fəaliyyət normasına çevrilib"

Daima qalmaqllı Beynəlxalq "Human Rights Watch" təşkilatı bu günlərdə 2014-cü ilin ilk hesabatını açıqlayıb. Təşkilatın 2013-cü il üzrə dünyanın 90-a yaxın ölkəsində insan hüquq və azadlıqlarını dəyərləndirən budəfəki hesabatında da Azərbaycan əsas hədəf götürülən ölkələr sırasında yer alıb.  Təşkilatın bu dəfəki hesabatında da Azərbaycanda ifadə, sərbəst toplaşma azadlıqları ilə bağlı qeyri-obyektiv, daha çox isə böhtan xarakterli ittihamlar yer alır.  Hesabatda ölkəmizə qarşı qərəzli mövqe özünü açıq şəkildə büruzə verir. Təşkilatın yaydığı sənəddə Azərbaycan hakimiyyətinin onlarla siyasi fəalı saxta ittihamlarla həbsə atdığı, tənqidi əhval-ruhiyyəli jurnalistləri tutulduğu, bir neçə dinc ictimai nümayişlərin dağıdıldığı iddia edilir. "Human Rights Watch"un bu dəfəki hesabatı da bundan əvvəlki hesabatlar kimi heç şübhəsiz ki, haqlı iradlara səbəb olub. Haqlı olaraq təşkilat Azərbaycana qarşı qərəzçilikdə ittiham olunub. Elə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də bu qənaətdədir. Hakim partiya rəsmisi bildirib ki, "Human Rights Watch" yenə də ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyib. Millət vəkilinin sözlərinə görə,  ölkəmizə qarşı əsası olmayan fikirlər hesabatda yer alsa da, təşkilatın müdafiə etdiyi "siyasi fəallara" qarşı ittihamların məhkəmə prosesində öz təsdiqini tapdığı, onların Azərbaycan qanunlarına qarşı bilərəkdən hörmətsizliyi faktının mövcudluğuna isə "Human Rights Watch" göz yumur və hesabatında yada salmır: "Tənqidi əhval-ruhiyyəli jurnalistlərin isə açıq şəkildə hökuməti tənqid etdiyi və hətta dövlət hesabına tikilən binadan mənzil alması isə xarici qeyri-hökumət təşkilatını qətiyyən maraqlandırmır". Aydın Mirzəzadə bildirib ki,
təşkilat hesabatında 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərini də yada salır və seçkilərə dair öz şübhələrini bildirir: "Human Rights Watch"un beş minə qədər seçki məntəqəsini əhatə edəcək nümayəndələrə malik olmadan seçkini tənqid etməsi xarici təşkilatın siyasi sifariş yerinə yetirdiyini açıq-aydın göstərir. Heç bir əsas olmadan səslərin sayılmasına dair saxta bir rəqəm səsləndirilir və bununla da "Human Rights Watch" özü seçkini saxtalaşdırmaq prosesinə dəstək vermiş olur". Millət vəkili onu da qeyd edib ki, təşkilat Bakının yenilənməsi ilə əlaqədar  guya yüzlərlə ailənin adekvat kompensasiya ödənilmədən evlərindən çıxarıldığını iddia edir: "Lakin bu məsələlərin yüzlərlə yox, on minlərlə insanlarla bazar münasibətləri, narazılıq olduqda isə məhkəmə yolu ilə həll edildiyini yazmaq istəmir. Xarici qeyri-hökumət təşkilatı Bakının mərkəzində bir sıra kvartalların artıq çoxdan öz dövrünü başa vurduğunu və problemlərin həlli zamanı həm ev sahiblərinin, həm də tikinti şirkətlərinin maraqlarının nəzərə alındığını hesabatında bildirmək istəmir. Evi söküləcək insanlara qarşı  "işgəncə və pis rəftar" iddiası isə ağ yalandan başqa bir şey deyildir". Millət vəkili təşkilatın hesabatında müxtəlif cinayətlər törətmiş insanların siyasi məhbus kimi qələmə verilməsi məsələsinə də aydınlıq gətirib: " Hesabatda həmçinin bir neçə siyasi fəalın həbs edildiyi xüsusilə vurğulanır. Ancaq REAL hərəkatının həmsədri İlqar Məmmədovun, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun ötən ilin əvvəlində İsmayıllı şəhərində baş verən hadisələr zamanı insanları iğtişaşa çağırması "Human Rights Watch"u qətiyyən maraqlandırmır. Düşünürəm ki, hansısa hadisəni yarımçıq, faktları saxtalaşdırmaqla təqdim etmək artıq bu təşkilatın adi fəaliyyət normasına çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, təşkilat son romanından sonra yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya aparıldığını bildirir. Bu hesabat çıxandan sonra isə Əkrəm Əylislinin özü mətbuata açıqlamasında "Human Rights Watch" təşkilatına müəyyən iradlarını bildirib və müdafiəsinin Azərbaycanı aşağılamaq şəklində olmamasını vurğulayıb". Aydın Mirzəzadənin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan növbəti dəfə xarici qeyri-hökumət təşkilatının böhtanı və saxtakarlığı ilə rastlaşır: "Bu birinci dəfə deyildir. Müstəqilliyimizin bütün illərində təşkilat ölkəmizə, müstəqilliyimizə qarşı qərəzli mövqe tutub. Bunun siyasi sifariş, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun aşağı salınması üçün növbəti cəhd olduğu aşıq-aşkar hiss edilir".

 
Süleyman İsmayılbəyli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00